REGİONLAR
Füzulililər Respublika Gününü əsgərlərlə birgə keçiriblər
Füzuli, 29 may, AZƏRTAC
Füzuli Rayon İcra Hakimiyyətinin rəhbərliyi, rayon ictimaiyyətinin nümayəndələri Respublika Gününü ərazidəki “N” saylı hərbi hissədə xidmət edən əsgər və zabitlərlə birgə keçiriblər.
AZƏRTAC xəbər verir ki, qonaqlar hərbi hissə komandanlığı ilə birlikdə əvvəlcə ön cəbhə xəttindəki səngərlərə gəlib, burada əsgərlərimizin xidməti, məişət şəraiti ilə maraqlanıb, onlarla söhbətlər aparıb, bayram sovqatları çatdırıblar.
Şəxsi heyətlə keçirilən görüşdə çıxış edənlər bayram münasibətilə əsgərləri təbrik edib, onlara çətin və şərəfli xidmətlərində müvəffəqiyyətlər arzulayıblar. Çıxışlarda müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından və fəaliyyətindən, ordu quruculuğu sahəsində əldə olunan uğurlardan, 1918-1920-ci illərdə Azərbaycan ordusunun ölkənin ərazi bütövlüyünün erməni daşnak dəstələrindən qorunmasında apardığı uğurlu əməliyyatlardan danışılıb.
Bildirilib ki, bu gün Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda möhkəm nizam-intizama malik, yüksək döyüş ruhu ilə seçilən, düşmənə sarsıdıcı zərbə vurmağa qadir olan bir ordu formalaşıb. Əminliklə demək olar ki, qələbə günü uzaqda deyil. Hazırda Ermənistan ordusunun işğalı altında olan torpaqlarımız tezliklə azad ediləcək və üçrəngli, ay-ulduzlu bayrağımız yenidən doğma Qarabağımızda dalğalanacaq.