REGİONLAR
Füzulililər doğma torpaqlarına qayıdacaqlarına əmindirlər
Füzuli, 23 avqust, Tahir Ağaməmmədov, AZƏRTAC
Azərbaycanın füsunkar guşələrindən olan Füzulinin erməni təcavüzkarları tərəfindən işğalının 23-cü ildönümü ilə əlaqədar Horadiz şəhərindəki Heydər Əliyev Mərkəzində anma mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin və Qəhrəmanlar Parkında füzulili Milli qəhrəmanların abidəsini ziyarət edərək, önünə gül dəstələri düzüblər.
Rayon ictimaiyyətinin, ağsaqqalların, əmək kollektivlərinin nümayəndələrinin, Qarabağ müharibəsi veteranlarının, şəhid ailələri üzvlərinin iştirak etdiyi tədbirdə çıxış edən Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev 1990-cı illərin əvvəllərində baş verən hadisələrdən, Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq siyasətindən danışıb. Bildirilib ki, 1993-cü il avqustun 23-də Füzuli şəhəri, Horadiz qəsəbəsi və rayonun 82 kəndi Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. Müharibə zamanı rayon sakinlərindən 657 nəfər şəhid olub, 181 nəfər itkin düşüb, 1341 nəfər sağlamlığını itirərək əlilə çevrilib. Torpaqlarımızın müdafiəsi uğrunda fədakarlıq göstərmiş füzulililərdən 6 nəfəri Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. İşğal nəticəsində rayonun maddi-mədəniyyət abidələri məhv edilib, rayona ümumilikdə, 6 milyard dollara yaxın ziyan dəyib.
1994-cü ilin yanvarında Azərbaycan Ordusunun apardığı uğurlu əməliyyat nəticəsində rayonun 21 kəndi və Horadiz qəsəbəsi işğaldan azad edilib. 1996-cı ildən başlayaraq rayonun işğaldan azad olunmuş ərazilərində infrastrukturun bərpasına başlanılıb. Bu dövrdə məcburi köçkünlər üçün rayon ərazisində 16 qəsəbə salınıb, işğal dövrü yandırılmış və dağıdılmış evlər, təhsil, səhiyyə və mədəniyyət müəssisələri, yollar, körpülər, elektrik və suvarma sistemləri tikilib və bərpa olunub.
Tədbirdə çıxış edən Milli Məclis sədrinin müavini Bahar Muradova işğal altındakı torpaqlarımızın tezliklə azad ediləcəyi günün uzaqda olmadığını bildirib: “Hər bir füzulilinin ən böyük arzusu işğal olunmuş torpaqlarımızın azad edilməsi və bayrağımızın Şuşada, Xankəndidə, Füzulidə dalğalanmasıdır. Mən inanıram ki, o gün uzaqda deyil və biz Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızı işğaldan azad edəcəyik. Bu gün füzulililər məhz bu inamla yaşayırlar”.
Çıxışlarda bildirilib ki, dövlətimiz tərəfindən hər cür diqqət və qayğı ilə əhatə olunan füzulililər doğma torpaqlara qayıdacaqları günü səbirsizliklə gözləyirlər. Onlar Prezident İlham Əliyevin münaqişənin həlli ilə bağlı aparılan danışıqlardakı mövqeyini dəstəkləyirlər. Eyni zamanda, Ali Baş Komandanın əmri ilə erməni faşistlərinə qarşı hər an silaha sarılmağa hazırdırlar.