MƏDƏNİYYƏT
GƏNCLƏR GÜNÜNƏ HƏSR OLUNMUŞ SƏRĞİ
Fevralın 1-də Rəssamlar İttifaqının Vəcihə Səmədova adına sərgi salonunda Azərbaycan gəncləri gününə həsr edilmiş sərginin açılış mərasimi olmuşdur.
Gənclər, İdman və Turizm Nazirliyinin Rəssamlar İttifaqı ilə birgə təşkil etdikləri sərgidə 150-dən çox gənc rəssamın rəngkarlıq, qrafika, heykəltəraşlıq və tətbiqi sənət janrlarında 200-dən artıq əsəri nümayiş etdirilir.
Gənclər, idman və turizm naziri Əbülfəz Qarayev mərasimi acaraq gənc rəssamları, ümumilikdə bütün gəncləri əlamətdar gün münasibətilə təbrik etdi. Nazir əmin olduğunu bildirdi ki, indiki sərgidə əsərləri nümayiş etdirilən gənclər arasından gələcəyin böyük sənətkarları yetişəcəkdir.
Mədəniyyət nazirinin müavini Ədalət Vəliyev, Azərbaycan Rəssamlıq Akademiyasının prorektoru Fuad Salayev və başqalalrı çıxış edərək, gənclərin estetik tərbiyəsində, onlarda təsviri sənətə meylin güclənməsində belə tədbirlərin əhəmiyyətini vurğuladılar.
Açılış mərasimində baş nazirin müavini Elçin Əfəndiyev iştirak edirdi.