REGİONLAR
GƏNC SƏRHƏDÇİ ZABİTLƏRİN TOPLANTISI
Milli Təhlükəsizlik Nazirliyi Sərhəd Qoşunları Baş İdarəsində gənc sərhədçi zabitlərin toplantısı öz işinə başlamışdır. İlk gün sərhədçilər Şəhidlər xiyabanını ziyazat edərək, Azərbaycanın azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş Vətən övladlarının xatirəsini yad etmişlər.
Gənc zabitlər istefada olan sərhədçi generallar Mustafa Nəsirov və Abbasəli Novrozovla görüşmüş, sərhəd qoşunlarında xidmətlə əlaqədar onların xatirələrini, tövsiyələrini dinləmişlər.
Toplantı iştirakçıları Milli Təhlükəsizlik Nazirliyinin muzeyində, Şirvanşahlar sarayında olmuş, “Azərneftyağ” İstehsalat birliyində Azərbaycanın neft strategiyası barədə söhbətdə iştirak etmişlər. Onlar
politoloq Rüstəm Məmmədovun “Azərbaycan Respublikasının həmsərhəd dövlətlərlə münasibətləri” mövzusunda məruzəsini dinləmiş, Gənclər, İdman və Turizm Nazirliyində görüşdə iştirak etmişlər. Nazir Əbülfəz Qarayev xidmətdə fərqlənən gənc zabitlərə qiymətli hədiyyələr və fərmanlar təqdim etmişdir.
Milli Təhlükəsizlik naziri general-polkovnik Namiq Abbasov gənc zabitlərlə görüşündə sərhəd qoşunlarında xidmət etməyin məsuliyyəti, həmin qoşunlarda gənc zalbitlər üçün yaradılmış şərait barədə ətraflı söhbət etmiş, onların arzu və təkliflərini dinləmiş, vətənə sədaqətlə xidmət etməyi, müstəqil dövlətimizin sərhədlərini ayıq-sayıq qorumağı tövsiyə etmişdir.
Gənc sərhədçilər Azərbaycan Kinematoqrafçılar İttifaqında “İki sahil” filminin yaradıcı heyəti ilə görüşmüş, həmin filmə baxmışlar.
Sərhəd Qoşunlarının baş komandanı general-mayor Elçin Quliyevin gənc sərhədçilərlə görüşündə onların qarşısında duran vəzifələrdən söhbət getmişdir.