ELM VƏ TƏHSİL
GENETİK EHTİYATLARIN ÖYRƏNİLMƏSİ VƏ SƏNƏDLƏŞDİRİLMƏSİNDƏ AZƏRBAYCAN AVROPANIN MÜSBƏT TƏCRÜBƏ TOPLAMIŞ BEŞ ÖLKƏSİNDƏN BİRİDİR
Bu il sentyabrın ikinci ongünlüyündə Çexiya Respublikasının paytaxtı Praqada keçirilən həmin konfransda son üç il ərzində Avropada Bitki Genetik Ehtiyatları inventarlaşdırılması, bitkilərin beynəlxalq metodlar əsasında pasportlaşdırılması, Vahid Avropa İnternet Axtarış Kataloqunun (EURİSCO) yaradılması və milli İnventarlaşdırmaların məlumat bazalarının EURİSCO-nun saytına yüklənməsi sahəsində görülmüş işlər müzakirə edilmişdir.
Konfransda Avropa Birliyini, Beynəlxalq Bitki Genetik Ehtiyatları İnstitutunu (İPGRİ), Beynəlxalq Ərzaq və Kənd Təsərrüfatı təşkilatını (FAO) və Avropanın 41 ölkəsini təmsil edən 100-dən çox nümayəndə iştirak etmişdir.
Ölkəmizi bu konfransda AMEA-nın Genetik Ehtiyatlar İnstitutunun əməkdaşı Afiq Məmmədov təmsil etmişdir. O, akademik Cəlal Əliyevin rəhbərliyi altında Biomüxtəlifliyin Genetik Ehtiyatları Milli Proqramına uyğun olaraq Avropa Əməkdaşlıq Proqramı (ECP/GR) çərçivəsində Azərbaycanın kənd təsərrüfatı, dərman və aromatik bitkilərinin 35 mindən artıq genefondunun inventarlaşdırılmasının ilkin mərhələsinin başa çatdırılması, onların 5 minə qədərinin pasportlaşdırılaraq, kompüter məlumat bazasının yaradılması və həmin bazanın EURİSCO-nun İnternet saytına müvəffəqiyyətlə yüklənməsi barədə konfrans iştirakçılarına hesabat təqdim etmişdir.
Konfrans iştirakçıları Milli Proqramın rəhbəri akademik Cəlal Əliyevin rəhbərliyi altında genetik ehtiyatların toplanması, qorunması, inkişafı, onların beynəlxalq standartlara uyğun inventarlaşdırılması və səmərəli istifadə olunması sahəsində aparılan işlərin səviyyəsindən məmnun qaldıqlarını bildirmişlər. Genetik Ehtiyatlar İnstitutunun bu sahədə fəaliyyəti İPGRİ-nin rəhbərliyi tərəfindən yüksək qiymətləndirilmiş, bu işlərin əhəmiyyəti qeyd olunmuş və beynəlxalq əməkdaşlığın bundan sonra da davam etdirilməsinin vacibliyi vurğulanmışdır.