ELM VƏ TƏHSİL
GÖRKƏMLİ ALİMİN YUBİLEYİNƏ HƏSR EDİLMİŞ III RESPUBLİKA ELMİ KONFRANSI ÖZ İŞİNİ BAŞA ÇATDIRMIŞDIR
BDU-nun rektoru, MEA-nın müxbir üzvü Abel Məhərrəmov AZƏRTAC-ın müxbirinə demişdir ki, professor Abdulla Muxtarovun elmi-pedaqoji fəaliyyəti və mənalı ömür yolu gənc nəslə layiqli örnəkdir. Görkəmli alim ölkəmizdə nəzəri fizika məktəbinin banisidir.
Konfransda Bakı Dövlət Universiteti fizika fakültəsinin dekanı, fizika-riyaziyyat elmləri doktoru Rəsul Muradovun “Professor Abdulla Muxtarovun həyat və yaradıcılığı”, AMEA-nın müxbir üzvü Sabir Hacıyevin “Professor Abdulla Muxtarov-Azərbaycan nəzəri fizika məktəbinin yaradıcısıdır” mövzularında məruzələri dinlənilmişdir.
Məruzələrdə alimin keçdiyi zəngin həyat yolundan, elm və təhsilimizə verdiyi dəyərli töhfələrdən, xüsusilə respublikamızda nəzəri fizikanın inkişafındakı müstəsna rolundan geniş bəhs edilmiş, 100-dən çox elmi əsərin müəllifi olduğu diqqətə çatdırılmışdır.
Təhsil naziri Misir Mərdanov, AMEA-nın akademik katibi Akif Hacıyev, Milli Məclisin elm və təhsil məsələləri daimi komissiyasının sədri Şahlar Əsgərov, Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov, Azərbaycan Dövlət Pedaqoji Universitetinin prorektoru Vilayət Əliyev və başqaları yubilyarı təbrik edərək ona xoş arzularını bildirmişlər.