MƏDƏNİYYƏT
GÖRKƏMLİ ENERGETİK-ALİMİN YUBİLEYİ
Azərbaycan Dövlət Neft Akademiyasında energetika sahəsində ilk azərbaycanlı professor, görkəmli alim Ağa Axundovun anadan olmasının 120 illiyinə həsr edilmiş yığıncaq keçirilmişdir.
Akademiyanın rektoru, MEA-nın müxbir üzvü, professor Siyavuş Qarayev alimin həyatı və elmi fəaliyyəti haqqında məruzə edərək dedi ki, Ağa Axundov Bakı realnı məktəbini bitirdikdən sonra görkəmli xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin vəsaiti hesabına əvvəlcə Kiyev Mühəndis-Kimya İnstitutunda, sonra isə Lyej şəhərindəki Belçika Kral İnstitutunda oxumuşdur. O zaman elektrik stansiyalarının tikintisi üçün Azərbaycanın milli kadrlara böyük ehtiyacı var idi. Soydaşımızın diplom işi Belçika energetikləri tərəfindən yüksək qiymətləndirilmiş və o, Sürixdəki elektrik-mexaniki zavoduna işə dəvət olunmuşdur. İsveçrənin Luqano şəhərində elektrik stansiyası məhz Azərbaycan energetikinin layihəsi ilə tikilmişdir. Onun binasının fasadında “Stansiya elektrik mühəndisi Ağa Axundovun layihəsi ilə tikilmişdir” sözləri yazılmış mərmər xatirə lövhəsi indi də durur.
Ağa Axundov vətənə qayıtdıqdan sonra yenicə açılmış
Politexnik Texnikumunun direktoru olmuş, Azərbaycan Neft və Kimya İnstitutu yaradıldıqdan sonra isə energetika fakültəsinin ilk dekanı seçilmişdir. Professor Ağa Axundov Azərbaycan dilində energetika terminləri lüğətinin, çoxlu tədris vəsaitinin, kütləvi nəşrlərin müəllifidir.
1930-40-cı illərdə Azərbaycanı bürümüş repressiyaların qurbanı olan Ağa Axundov xalq düşməni elan edilərək, 15 il müddətinə Sibirə sürgünə göndərilmiş, orada 67 yaşında ikən dünyasını dəyişmişdir. Ölümündən sonra, 1956-cı ildə bəraət almış və adı əbədiləşdirilmişdir.
Yığıncaqda Milli Məclisin sosial siyasət daimi komissiyasının sədri Hadı Rəcəbli, ADNA-nın elektrotexnika nəzəriyyəsinin əsasları kafedrasının müdiri, professor Rəna Kazımzadə, energetika fakültəsinin dekanı Rafiq Quluzadə də çıxış etdilər.
Alimin oğlu, professor Davud Axundov atasının xatirəsinə göstərdikləri diqqətə görə yığıncaq iştirakçılarına təşəkkürünü bildirdi.