MƏDƏNİYYƏT
GÖRKƏMLİ EPİDEMİOLOQ ALİMİN YUBİLEYİ
V.Axundov adına Milli Tibbi Profilaktika İnstitutunda tanınmış epidemioloq, əməkdar elm xadimi, əməkdar həkim, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Balababa Məcidovun anadan olmasının 90 illiyinə həsr edilmiş elmi konfrans keçirilmişdir.
Konfrans başlanmazdan əvvəl tibb ictimaiyyətinin nümayəndələri, institutun əməkdaşları, alimin doğmaları mərhumun məzarını ziyarət etmişlər.
Konfransda institutun direktoru, MEA-nın müxbir üzvü Namiq Əliyev alimin həyatı və elmi fəaliyyəti haqqında geniş məruzə etmişdir. Məruzəçi demişdir ki, Balababa Məcidov əsl elm fədaisi idi. O, mikrobiologiya sahəsində 6 monoqrafiyanın, 200-dən çox elmi əsərin və məlumatın müəllifidir. Balababa Məcidov 1959-1968-ci illərdə Azərbaycan Epidemioloqlar Cəmiyyəti idarə heyətinin sədri, uzun illər Elmi Tədqiqat Virusologiya, Mikrobiologiya və Gigiyena İnstitutunun direktoru olmuşdur. Həmin dövrdə onun rəhbərliyi və bilavasitə iştirakı ilə institutda müxtəlif yoluxucu xəstəliklərin etiologiyası və epidemiologiyasına dair hərtərəfli tədqiqatlar aparılmışdır. Məhz o illərdə institut SSRİ-də epidemiologiya elminin mərkəzinə çevrilmişdi. Dünya şöhrətli alimlər buraya tez-tez gəlirdilər, direktorun özünün adı isə İ.İ.Meçnikov adına Ümumittifaq Mikrobioloq, Epidemioloq və İnfeksionistlər Cəmiyyətinin Fəxri kitabına düşmüşdü.
Böyük Vətən müharibəsi illərində Balababa Məcidovun rəhbərliyi ilə institutda müxtəlif xəstəliklərə qarşı vaksinlərin, bakteriya preparatlarının istehsalı təşkil olunmuşdu. Cəbhəyə göndərilən bu dərmanlar bir çox yaralı döyüşçünün həyatını xilas etmişdir.
Alimin təşkilatçılıq istedadı onun Səhiyyə Nazirliyində yüksək vəzifələrdə çalışdığı dövrdə də özünü göstərmişdir. 1968-ci ildə isə o, Azərbaycan Dövlət Tibb İnstitutunun rektoru təyin olunmuşdu. Balababa Məcidovun elmi rəhbərliyi ilə 8 elmlər doktoru və 11 elmlər namizədi hazırlanmışdır. İndi bu alimlər onun işini davam etdirirlər.
Konfransda alimin qızı Elmira Məcidova çıxış edərək, atasının xatirəsinə göstərilən diqqətə görə tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkürünü bildirmişdir.
Sonra mikrobiologiya, virusologiya və epidemiologiyanın aktual mövzularına dair məruzələr dinlənilmişdir.