CƏMİYYƏT
GUAM idmana və gəncliyə aid tədbirlərin fəallaşdırılmasını dəstəkləyir
Kiyev, 27 avqust AZƏRTAC
GUAM-ın Kiyevdəki qərargahından AZƏRTAC-a verilən məlumata görə, Ukrayna Gənclər və İdman Nazirliyində bu idarənin rəhbərinin Avropaya inteqrasiya məsələləri üzrə müavini Nikolay Movçan ilə GUAM-ın baş katibi Altay Əfəndiyevin görüşü olub.
Görüş iştirakçıları gənclərlə işin xüsusi əhəmiyyətini və aktuallığını qeyd edərək GUAM iştirakçısı olan dövlətlərin gənclər və idman məsələləri üzrə əməkdaşlığının əsas istiqamətləri, bu istiqamətdə beynəlxalq təşkilatlarla və GUAM-ın tərəfdaşları ilə sıx qarşılıqlı fəaliyyət barədə fikir mübadiləsi ediblər. GUAM ölkələrində idmanla və gənclərlə bağlı birgə tədbirlərin təşkil edilməsi və keçirilməsi, GUAM-ın gənclər forumunun fəaliyyətinin bərpasının vacibliyi qeyd edilib.
Görüşün yekunlarına əsasən GUAM çərçivəsində gənclər və idman məsələləri üzrə işçi qrup yaradılmasına dair praktiki tədbirlər razılaşdırılıb.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev