MƏDƏNİYYƏT
GUAM-ın Mədəniyyət və Turizm üzrə İşçi Qrupunun növbəti iclası keçirilib
Bakı, 30 mart, AZƏRTAC
Ukraynanın paytaxtı Kiyevdə Demokratiya və İqtisadi inkişaf naminə Təşkilat - GUAM-ın Mədəniyyət və Turizm üzrə İşçi Qrupunun növbəti iclası keçirilib.
Mədəniyyət və Turizm Nazirliyindən AZƏRTAC-a bildirilib ki, iclasda Azərbaycan, Ukrayna, Gürcüstan və Moldovanın müvafiq dövlət qurumlarının nümayəndələri, habelə GUAM katibliyinin və Yaponiyanın Ukraynadakı səfirliyinin təmsilçiləri iştirak ediblər.
Qurumun baş katibi Altay Əfəndiyev təşkilat tərəfindən mədəniyyət və turizm sahələrində həyata keçirilən layihələr barədə ətraflı məlumat verib.
Daha sonra üzv dövlətlərin nümayəndələrinin müvafiq ölkələrdə turizmin inkişafı ilə əlaqədar çıxışları dinlənilib.
Mədəniyyət və Turizm Nazirliyini təmsil edən turizm şöbəsinin müdir müavini Rauf Paşayev tədbir iştirakçılarına ölkəmizdə turizm sahəsində həyata keçirilən islahatlar və bu sahədə əldə edilmiş nailiyyətlər barədə məlumat verib. Bununla yanaşı, R.Paşayev GUAM çərçivəsində turizm sahəsində keçirilməsi nəzərdə tutulan layihə və tədbirlərlə əlaqədar müvafiq təkliflər səsləndirib.
Həmçinin, toplantıda gündəlikdə duran məsələlərlə bağlı geniş müzakirələr aparılıb.
Beləliklə işçi qrupun 2017-2018-ci illər üzrə fəaliyyət planı, GUAM-Yaponiya əməkdaşlığı çərçivəsində keçirilmiş seminarın nəticələri, həmin format çərçivəsində 2017-2020-ci illər üzrə fəaliyyət planı və digər məsələlər müzakirə edilib.