SİYASƏT
GUAM-ın Milli Əlaqələndiricilər Şurasının iclası keçirilib
Kiyev, 17 aprel, AZƏRTAC
Aprelin 16-17-də Ukrayna paytaxtında, GUAM Katibliyində təşkilatın baş katibi Valeri Çeçelaşvilinin iştirakı ilə Milli ƏLaqələndiricilər Şurasının iclası olub. Bu barədə AZƏRTAC-a təşkilatın mənzil-qərargahından məlumat veriblər.
Tədbirdə Azərbaycanı Xarici İşlər Nazirliyinin regional təhlükəsizlik idarəsinin rəisi Tofiq Musayev və ölkəmizin Ukraynadakı səfirliyinin müşaviri Nazim Əliyev təmsil ediblər.
İştirakçılar BMT Baş Assambleyasının 69-cu sessiyasında “Birləşmiş Millətlər Təşkilatı ilə Demokratiya və İqtisadi İnkişaf Uğrunda Təşkilat – GUAM arasında əməkdaşlıq” qətnaməsinin qəbul edilməsini, GUAM-ın baş katibinin aprelin 30-da ATƏT-in Daimi Şurasında çıxış etməyə dəvət olunmasını alqışlayıblar.
Tərəflər, həmçinin GUAM-ın sahə əməkdaşlığı, xüsusən iqtisadiyyat və ticarət, mədəniyyət və turizm, hüquq mühafizə sahəsində əməkdaşlıq, digər dövlətlər və beynəlxalq təşkilatlar ilə tərəfdaşlıq məsələlərini müzakirə ediblər.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev