SİYASƏT
GUAM-ın baş katibi Xorvatiyanın Ukraynadakı səfiri ilə görüşüb
Kiyev, 25 iyun, AZƏRTAC
Xorvatiyanın Ukraynadakı səfiri Tomislav Vidoşeviç Demokratiya və İqtisadi İnkişaf uğrunda Təşkilat – GUAM-ın baş katibi Altay Əfəndiyevi qəbul edib.
AZƏRTAC-a GUAM-ın Kiyevdəki katibliyindən bildirilib ki, baş katib səfiri təşkilat və onun yaradılma tarixi, Azərbaycanın 2016-cı ildə GUAM-a sədrliyi müddətində əsas məqsəd və vəzifələr, müxtəlif sahələrdə cari fəaliyyət barədə məlumatlandırıb. A.Əfəndiyev, həmçinin GUAM ölkələrinin həm əlaqədar tərəfdaşlar, həm də beynəlxalq təşkilatlarla əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu qeyd edib.
Tərəflər GUAM regionu və onun ətrafında vəziyyət barədə fikir mübadiləsi aparıb, GUAM məkanında regional əməkdaşlığın genişləndirilməsinin və möhkəmləndirilməsinin, uzun sürən münaqişələrin həllinin vacibliyini vurğulayıblar.
T.Vidoşeviç böyük dövlətlərin dağılmasından sonra Balkan ölkələrində və keçmiş SSRİ məkanında hadisələrin inkişafına dair paralellər apararaq, çətin danışıq prosesi nəticəsində regionda irəliləyişi qeyd edib. O, həmçinin Aİ ilə uzun və mürəkkəb danışıq prosesini, Xorvatiyanın son vaxtlar Aİ-yə daxil olmasınının bu danışığın kulminasiyası kimi diqqətə çatdırıb. Səfir Xorvatiyanın öz təcrübəsinin GUAM ölkələrinə təqdim edilməsinə hazır olduğunu bildirib.
Tərəflər əlaqələrin davam etdirilməsində və informasiya mübadiləsində maraqlı olduqlarını bildiriblər.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev