SİYASƏT
GUAM-ın mənzil-qərargahında Milli Əlaqələndiricilər Şurasının iclası keçirilib
Kiyev, 9 sentyabr, AZƏRTAC
Sentyabrın 8-9-da Ukrayna paytaxtında GUAM dövlətləri nümayəndələrinin və GUAM Katibliyinin iştirakı ilə qurumun Milli Əlaqələndiricilər Şurasının (MƏŞ) 39-cu iclası keçirilib.
Bu barədə AZƏRTAC-a GUAM-ın Kiyevdəki mənzil-qərargahından məlumat verilib.
Şura GUAM formatında siyasi əməkdaşlıq məsələlərini nəzərdən keçirib. Sədrlik edən tərəfin BMT Baş Assambleyasının “GUAM məkanında həlli uzanan münaqişələr və onların beynəlxalq sülh, təhlükəsizlik və inkişafa təsiri” qətnamə layihəsinin gedişi barədə məlumatı dinlənilib. Həmçinin sədrlik edən tərəfin “Birləşmiş Millətlər Təşkilatı ilə Demokratiya və İqtisadi inkişaf Naminə Təşkilat - GUAM arasında əməkdaşlıq” Qətnamə layihəsi müzakirə olunaraq razılaşdırılıb.
Tərəflər GUAM-ın beynəlxalq təşkilatlar yanında daimi nümayəndəliklərinin əlaqələri məsələsini nəzərdən keçirib, 2016-cı ildə iştirakçı dövlətlərin BMT və Avropa Şurası yanında daimi nümayəndəlikləri arasında əməkdaşlığı planını təsdiq ediblər.
İclasda parlamentlərarası əməkdaşlıq məsələləri müzakirə olunub. MƏŞ bu il oktyabrın 8-də Gürcüstanda keçiriləcək parlament seçkilərinə müşahidəçilər qrupu göndərməyə dair GUAM Parlament Assambleyasının məramını dəstəkləyib.
İclas iştirakçıları dekabr ayında quruma üzv ölkələrin hökumət başçılarının görüşünün, habelə bu görüşlə bağlı GUAM-ın biznes forumunun hazırlıq və keçirilməsi məsələlərini müzakirə ediblər.
Daha sonra tərəflər iqtisadiyyat və ticarət, nəqliyyat və tranzit, turizm və kibertəhlükəsizlik ilə əlaqədar sahə əməkdaşlığına dair kompleks məsələləri nəzərdən keçiriblər. Digər dövlətlər və beynəlxalq təşkilatlarla əməkdaşlıq məsələlərinə də baxılıb.
BMT Baş Assambleyasının 71-ci sessiyası çərçivəsində Xarici İşlər Nazirləri Şurasının növbəti iclasına hazırlıq məsələləri müzakirə olunub və tədbirin layihə sənədləri razılaşdırılıb.
Görüşdə təşkilati və maliyyə məsələləri də müzakirə edilib.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev