SİYASƏT
GUAM ölkələri üçün arzuedilməz şəxslərin “qara siyahı”sının yaradılmasının vaxtı çatıb
GUAM ölkələrini birləşdirən çoxsaylı amillərdən biri də onların ərazilərində qondarma “separatçı” qurumların olmasıdır. Nəyə görə “qondarma”? Məsələ burasındadır ki, separatizm kənardan müdaxilə, təşviq və xüsusən aşkar kömək olmadan mərkəzdənqaçma hərəkətini nəzərdə tutur. Bunu deməyə lüzum yoxdur ki, əgər kənar amillər olmasaydı, istər Krım, istər Ukraynanın şərq vilayətləri, istər Abxaziya, istər Cənubi Osetiya, istər Dağlıq Qarabağ, istərsə də Dnestryanı bölgə daxil olduqları dövlətlərdən özbaşına ayrıla və onların nəzarəti altından çıxa bilməzdilər. Ona görə bütün bu ərazilər yalnız sözdə “separatçı” qurumlardır, həqiqətdə isə de-fakto ilhaq edilmiş ərazilərdir. Bu ərazilərdə onların sesessiyasına sponsorluq edən dövlətlərin valyutası dövriyyədədir, bu ərazilərin sakinləri həmin dövlətlərin xarici pasportlarından istifadə edirlər.
GUAM ölkələrində mövcud təcrübəyə görə, işğal edilmiş ərazilərə qanunsuz gələn şəxslər “persona non-qrata” elan edilir. Artıq GUAM üzvü olan bütün dövlətlər tərəfindən riayət edilməsi zəruri olan vahid “qara siyahı” tərtib etməyin vaxtıdır. Avropa İttifaqında belə bir təcrübə var: Aİ ölkələrindən birinin qanunvericiliyini pozmuş şəxsin təkcə həmin konkret ölkəyə deyil, bütövlükdə Avropa İttifaqına gəlməsi qadağan edilir. Bu qərarın səmərəsi barədə danışmaq artıqdır. Ola bilsin ki, birisi Lüksemburqa getmədən də yaşaya bilər, lakin həmin şəxsin bütün Şenqen zonasında peyda olması arzuedilməz elan olunduqda tamam başqa vəziyyət yaranır. GUAM üzvü olan dövlətlərin işğal edilmiş ərazilərindən birinə qanunsuz gəlmiş adamın bu dörd ölkənin hamısında arzuedilməz elan olunması da analoji səmərə verə bilər. Əks halda təkbaşına görülən tədbirlərin səmərəsi az olar.
GUAM çərçivəsində hər ölkənin xarici işlər nazirliyinin bir məsul əməkdaşının daxil olduğu daimi komissiya yaratmaq olar. “Qara siyahı”da dəyişikliklər edildikdə komissiya elə həmin gün bu barədə təşkilatın bütün üzvlərinin sərhəd və immiqrasiya xidmətlərinə məlumat verməlidir. Bundan əlavə, işğal edilmiş bir neçə əraziyə eyni vaxtda getmiş şəxsin “qara siyahı”dan çıxarılması üçün onun yalnız bir ölkədən üzr istəməsi kifayət etməməlidir. Həmin şəxs tərəfindən ərazi bütövlüyünə hörmətsizlik göstərilmiş bütün ölkələr satisfaksiya almalıdırlar. Üzr istəyən şəxsin əli ilə yazılmış və imzalanmış məktubun skanlanmış surəti Komissiyanın daimi saytında olmalıdır. Həmin məktubda sadəcə “məni çaşdırıblar” və ya “mən təəssüflənirəm” kimi amorf ifadələr deyil, GUAM üzvü olan dövlətlərin ərazi bütövlüyünü və Krımın, Luqansk və Donetsk vilayətlərinin Ukraynaya; Abxaziya və Cənubi Osetiyanın Gürcüstana; Dağlıq Qarabağın Azərbaycana və Dnestryanı bölgənin Moldovaya mənsub olmasını etiraf etməsi barədə açıq bəyanatı olmalıdır. Əks halda öz əməlinə görə təəssüflənməsini Azərbaycanın hakimiyyət orqanlarına yayğın şəkildə bildirmiş cənab Mitrofanov Krıma və Abxaziyaya qanunsuz şəkildə getməkdə davam edəcək, Moldovanın və ya Gürcüstanın ünvanına qeyri-səmimi komplimentlər söyləmiş bir başqası isə bunun əvəzini Qarabağa qeyri-qanuni səfərlərlə çıxacaqdır.
Öz ərazilərində analoji “metastazlar” olmasından əziyyət çəkən başqa ölkələr də gələcəkdə bu proqrama qoşula bilərdi. Onların GUAM təşkilatına daxil olması zəruri deyil, lakin bunun üçün ilkin addım kimi bütün GUAM-ı ehtiva edən “qara siyahı” yaradılmalıdır.
Bizim bəlamız ümumidir və onun öhdəsindən yalnız ümumi səylərlə gələ bilərik. Bu, elə bir haldır ki, az qurban bahasına qat-qat atıq səmərə əldə etmək olar. Bu səmərə hamı üçün ümumidir.
Vüqar Seyidov
AZƏRTAC-ın müxbiri