CƏMİYYƏT
GUAM tərəfdaşları ilə birlikdə bərpa olunan enerji mənbələrinə dair tədbir keçirib
Oktyabrın 29-30-da Macarıstanın Sent-Andre şəhərində Mərkəzi və Şərqi Avropada regional ətraf mühit mərkəzinin qərargahında (REC) “GUAM ölkələrində yaşıl iqtisadiyyata dəstək: bərpa olunan enerji mənbələrinin inkişafı” (“Promoting Green Economy in GUAM countries: Promotion of renewable energy sources”) mövzusunda ikinci seminar keçirilib. Bu barədə AZƏRTAC-a GUAM-ın Ukrayna paytaxtındakı katibliyindən məlumat verilib.
GUAM iştirakçıları olan dövlətlər üçün 2013-cü il oktyabrın 17-18-də GUAM-ın Kiyevdəki qərargahında keçirilmiş birinci analoji seminarın davamı olan bu tədbir REC-in dəstəyi ilə GUAM-Yaponiya əməkdaşlığı çərçivəsində təşkil edilib.
Seminarın işində müvafiq profilli nazirlik və idarələrin, tədqiqat institutlarının, elmi dairələrin nümayəndələri, Yaponiyanın Macarıstandakı səfirliyinin, habelə REC-in və GUAM Katibliyinin əməkdaşları iştirak ediblər.
Bərpa olunan enerji mənbələrindən istifadə sahəsində dövlət siyasətinin yeni meyilləri, GUAM iştirakçısı olan dövlətlərdə bu sahənin inkişaf perspektivləri, bərpa olunan enerji mənbələrinin potensialı, effektivliyi, təşkilatın üzvü olan ölkələrin ərazisində ondan istifadə edilməsi barədə təqdimatlar keçirilib.
Seminar başa çatandan sonra təşkil edilmiş “dəyirmi masa”nın iştirakçıları bu tədbir zamanı aldıqları informasiya barədə fikir mübadiləsi aparıblar. Onlar seminarın təşkilinə və keçirilməsinə görə Yaponiya tərəfinə təşəkkür ediblər.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev