SİYASƏT
GUÖAM ÖLKƏLƏRİ BAKIDA MÜLKİ-HƏRBİ PLANLAŞDIRMA İLƏ BAĞLI BİRGƏ KONFRANS KEÇİRƏCƏKLƏR
GUÖAM ölkələri baş verə biləcək təbii və texnogen fəlakətlər, terror aktları zamanı dəyəcək zərərin çoxalmasının qarşısının alınması, fövqəladə tədbirlərin görülməsi ilə bağlı birgə təlimlər keçirməyi planlaşdırmışlar. Bu məqsədlə apreldə Bakıda birliyə üzv ölkələrin ekspertlərinin iştirakı ilə mülki-hərbi planlaşdırma üzrə beynəlxalq konfrans keçiriləcəkdir.
Ukraynanın Azərbaycandakı səfirliyindən AZƏRTAC-a bildirmişlər ki, bu cür tədbirlərin keçirilməsi GUÖAM ölkələri arasında əlaqələrin daha da inkişaf etdirilməsi ilə yanaşı, terror aksiyalarının qarşısının alınması və təbii fəlakətlərin vurduğu ziyanın tez bir zamanda aradan qaldırılması sahəsində əsaslı işlər görməyə imkan verəcəkdir.
Hazırda quruma rəhbərlik edən Gürcüstanın ölkəmizdəki səfirliyindən isə bildirmişlər ki, konfransda ABŞ-ın bu sahədə təcrübəsi olan ekspertlərinin də iştirakı gözlənilir.
Tədbirdə “beşlik” ölkələri nümayəndələrinin təlimlərinin keçirilməsi məsələsi də müzakirə olunacaqdır. Hələlik həmin təlimlərin iyul ayında Bakıda keçirilməsi nəzərdə tutulub. Amma son qərar konfransda veriləcək.