ELM VƏ TƏHSİL
GÜRCÜSTANDAKI 168 AZƏRBAYCAN MƏKTƏBİ YENİ DƏRS İLİNƏ TƏNTƏNƏLİ ŞƏRAİTDƏ BAŞLADI
Sentyabrın 2-də səhər Gürcüstandakı 168 Azərbaycan məktəbinin hamısında əsl bayram ovqatı hökm sürürdü. Məktəbə valideynləri ilə birlikdə gül-çiçəklə gələn “birincilər” də, yuxarı sinif şagirdləri də sevinc içərisində idi.
Bu isə təsadüfi deyildi, çünki bütün bu məktəblərin şagirdləri Azərbaycan Prezidenti Heydər Əliyevdən və Gürcüstan Prezidenti Eduard Şevardnadzedən gözəl hədiyyə - dərsliklər almışdılar. Bu münasibətlə Azərbaycan məktəblərində dərslər başlanmazdan əvvəl təntənəli mərasimlər keçirildi.
Həmin gün Kvemo Kartli -Borçalı bölgəsinin qubernatoru Levan Mamaladze başda olmaqla bölgə rəhbərliyi bir neçə məktəbdə şənliklərdə iştirak etdikdən sonra Qardabani rayonundakı Nəzərli kənd orta məktəbinə gəldi. Məktəb hazırda xaricdə işləyən məzunlarının maddi yardımı sayəsində əsaslı təmir olunmuş və lazımi avadanlıqla təchiz edilmişdir. Cənab Mamaladze burada təşkil olunmuş tədbirdə çıxış etdi və müəllimlərə, şagirdlərə uğurlar arzuladı, sonra isə Azərbaycan və Gürcüstan rəhbərlərinin hədiyyələrini - 1-1V siniflər üçün dərslikləri və 1-ci sinif üçün gürcücə əlifba kitabını şagirdlərə payladı.
Tədbirdə çıxış edən müəllim və şagirdlər iki qardaş ölkənin rəhbərlərinə bu hədiyyəyə görə dərin təşəkkürlərini bildirdilər.
Levan Mamaladze AzərTac-ın müxbiri ilə söhbətində dedi:
- Gürcü xalqının xeyirxahı və sevimlisi, qüdrətli şəxsiyyət Heydər Əliyevin qayğısını təkcə bölkəmizdəki deyil, eləcə də ölkəmizin başqa rayon və şəhərlərindəki Azərbaycan məktəbləri daim hiss edirlər. Məhz Cənab Heydər Əliyevin bu qayğısı sayəsində onlar 1994-cü ildən bəri hər il dərsliklər və digər tədris ləvazaimati ilə təmin olunurlar. Ümidvarıq ki, dövlətinizin başçısı Gürcüstandakı Azərbaycan məktəbləri yuxarı sinif şagirdlərinin də dərsliklə təmin edilməsi qeydinə qalacaqdır.
Şahismayıl Məmmədov
AZƏRTAC-ın xüsusi müxbiri
Qardabani rayonu