SİYASƏT
GÜRCÜSTANDA YAŞAYAN SOYDAŞLARIMIZIN PROBLEMLƏRİ AZƏRBAYCAN DÖVLƏTİNİN DİQQƏT MƏRKƏZİNDƏDİR
Dekabrın 17-də Milli Məclisin sədri Murtuz Ələsgərov Gürcüstanda yaşayan azərbaycanlıların nümayəndələrini və bu ölkə parlamentinin azərbaycanlı deputatlarını qəbul etmişdir.
Milli Məclisin sədri Gürcüstanın azərbaycanlı əhalisinin həyati əhəmiyyətli problemləri ilə əlaqədar bu ölkənin rəhbərləri ilə keçirdiyi görüşlər və telefon söhbətləri barədə ətraflı danışdı. O xatırlatdı ki, onun gürcü həmkarı Nino Burcanadze ilə telefon söhbətindən sonra azərbaycanlı əhalinin təhlükəsizliyini təmin etmək üçün tədbirlər görülmüşdür.
Murtuz Ələsgərov Gürcüstandakı azərbaycanlıların fəaliyyətinin genişləndirilməsindən söhbət açaraq vurğuladı ki, soydaşlarımızın bu ölkədəki müxtəlif təşkilatların rəhbərləri və parlamentin azərbaycanlı deputatları Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi ilə daha sıx əlaqə saxlamalıdırlar.
Gürcüstan parlamentinin deputatları Hidayət Hüseynov, Ramiz Bəkirov, Azər Süleymanov və başqaları gürcü və Azərbaycan xalqları arasında dostluğun möhkəmləndirilməsi sahəsində soydaşlarımızın gördükləri işlər barədə ətraflı məlumat verdilər. Onlar dedilər ki, indi Gürcüstanda vətəndaşların təhlükəsizliyinin təmin olunmasında və insan hüquqlarına əməl edilməsində problemlər çoxdur və onların hamısı bu ölkədə yaşayan xalqların, o cümlədən də azərbaycanlıların səyləri ilə aradan qaldırılmalıdır. Onlar bildirdilər ki, Gürcüstanda yaşayan azərbaycanlılar gürcü dövlətinin mənafelərini qoruyurlar və Azərbaycanla Gürcüstan arasında münasibətlərin daha da inkişaf etməsi üçün səylərini əsirgəməyəcəklər.