DÜNYA
GÜRCÜSTANDA YERLİ ÖZÜNÜİDARƏ ORQANLARINA SEÇKİLƏR BAŞ TUTMUŞDUR
İyunun 2-də Gürcüstanda (Abxaziya və Cənubi Osetiya bölgələri istsina olmaqla) yerli özünüidarə orqanlarına – bələdiyyələrə seçkilər keçirilmişdir. Mərkəzi Seçki Komissiyasının məlumatına görə, bəzi müxalif qüvvələrin bu mühüm siyasi kampaniynın gedişinə mane olmağa can atmasına, 21 siyasi partiya və hərəkatdan 7-sinin 4 faizlik həddi keçə bilməməsinə baxmayaraq, seçkilər baş tutmuşdur.
Seçkilər Tbilisidə proporsional, qalan bölgələrdə isə majoritar qaydada keçirilmişdir. Diqqətəlayiq haldır ki, soydaşlarımız seçkilərə fəal hazırlaşmış, seçkiqabağı kampaniyanı məqsədyönlü şəkildə aparmış və öz namizədlərini irəli sürmüşlər. Onlar bu tədbirin böyük əhəmiyyəti olduğunu nəzərə alaraq, seçkilərdə yaxından iştirak etmişlər.
Azərbaycanlıların yığcam yaşadıqları bölgələrdə - Marneuli, Qardabani, Bolnisi, Dmanisi və Zalqa rayonlarında seçkilərin gedişi barədə yerli seçki komissiyalarından verilən məlumata görə, soydaşlarımız əvvəlki, 1998-ci ildə keçirilmiş seçkilərdən fərqli olaraq, indiki seçkilərdə daha yüksək siyasi yetkinlik və fəallıq göstərmişlər. Məsələn, seçici kimi qeydə alınmış soydaşlarımızın 80 faizi iyunun 2-də seçki məntəqələrinə gələrək, öz namizədlərinə səs vermişlər. Bu da sevindirici haldır ki, Sakrebulonun – yerli bələdiyyələrin başçıları vəzifəsinə bu dəfə daha çox azərbaycanlı öz namizədliyini vermiş və ilkin məlumata görə, onların əksəriyyəti qalib gəlmişdir.
Gürcüstan Mərkəzi Seçki Komissiyasının sədri Cumber Lominadze Tbilisidə yerli və xarici jurnalistlər üçün keçirdiyi mətbuat konfransında seçkilərin baş tutduğunu vurğulamış və seçkilərin gedişini izləyən MSK-nın müşahidəçilərindən aldığı məlumata əsaslanaraq, bəzi bölgələrdə, o cümlədən azərbaycanlıların əksəriyyət təşkil etdikləri Dmanisi rayonunda seçki bülletenlərinin saxtalaşdırıldığı faktını da etiraf etmişdir. O demişdir ki, Milli Hərəkat Partiyasının (sədri Mixail Saakaşvilidir) tərəfdarları bir sıra yerlərdə, xüsusən də Borçalı bölgəsində aranı qatışdırmağa, seçkiləri pozmağa cəhd göstərmişlər və buna görə də onlardan bəziləri tutularaq məsuliyyətə cəlb edilmişlər. MSK-nin sədri bildirmişdir ki, seçkilərə iyunun 5-də yekun vurulacaq və onun nəticələri rəsmən elan olunacaqdır.
Şahismayıl Məmmədov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi