DÜNYA
GÜRCÜSTAN ÇOXMİLLƏTLİ DÖVLƏT OLSA DA,ÖLKƏDƏ MİLLİ ZƏMİNDƏ PROBLEM YOXDUR
Bu fikir Tbilisidəki Şərq-Qərb beynəlxalq münasibətlər mərkəzində iki gün davam etmiş mötəbər məclisdə görkəmli alimlərin, politoloqların çıxışlarında dəfələrlə səslənmişdir.
Gürcüstanda milli azlıq təşkil edən xalqların problemlərinə həsr olunmuş və onların nümayəndələrinin iştirakı ilə keçirilmiş bu konfransda yaxın və uzaq xaricdən gəlmiş mütəxəssislər çıxış etmişlər. Professor Vaja Lordkipanidze, milli azlıqların hüquq bərabərliyi layihəsinin müəllifi, professor Levan Mataradze, Politologiya İnstitutunun direktoru, professor Vaja Keşalava və digər alimlər qeyd etmişlər ki, ölkədə uydurma abxaz-gürcü və Cənubi Osetiya-gürcü münaqişələrinin olmasına baxmayaraq, bu məmləkətdə yaşayan bütün millətlərə, o cümlədən Azərbaycanlılara ayrı-seçkilik siyasəti yeridilmir, onlar özlərini həmişə Gürcüstanın bərabər hüquqlu vətəndaşları bilmişlər, ölkə ücün vacib olan məsələlərin həllinə gürcülərlə birlikdə qoşulmuşlar.
Konfransda xatırladıldı ki, Prezident Eduard Şevardnadzenin tapşırığı ilə milli azlıqların problemlərinin həllinə dair xüsusi proqram hazırlanmışdır və bu proqram yerlərdə milli azlıqların nümayəndələrinin də yaxından iştirakı ilə həyata keçirilir.
Şahismayıl Məmmədov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi