DÜNYA
GÜRCÜSTAN PREZİDENTİ TƏHLÜKƏSİZLİK ŞURASININ QƏTNAMƏSİNİ VƏ RUSİYANIN MÖVQEYİNİ YÜKSƏK QİYMƏTLƏNDİRİR
TBİLİSİ. Gürcüstan Prezidenti Eduard Şevardnadze milli televiziya ilə çıxışında bildirmişdir: BMT-nin Təhlükəsizlik Şurası gürcü-abxaz münaqişəsinin nizama salınması məsələlərinə dair heç vaxt belə prinsipial qətnamə qəbul etməmişdir.
O demişdir ki, yanvarın 31-də Nyu-Yorkda qəbul olunmuş qətnamə “çox mühümdür”, çünki bu sənəddə “Gürcüstanın beynəlxalq aləmdə tanınmış ərazi bütbövlüyü nəinki, sadəcə olaraq, təsdiqlənir, həm də Abxaziyanın vahid Gürcüstan dövləti tərkibində statusunu müəyyənləşdirməyin zəruriliyi barədə müddəa var, Tbilisi ilə Suxumi arasında konstitusiya səlahiyyətlərinin bölgüsünə dair sənəd dəstəklənir”. Şevardnadze qətnamədə “qaçqınların Abxaziyaya qeyd-şərtsiz qayıtmasının və onların təhlükəsizliyinin təmin edilməsinin” vacibliyinin vurğulanmasını da çox mühüm amil adlandırmışdır.
İTAR-TASS-ın verdiyi xəbərə görə, prezident “Tbilisi ilə Suxumi arasında səlahiyyətlərin bölgüsü haqqında sənədi – gürcü-abxaz münaqişəsinin dincliklə, siyasi yolla nizama salınması üçün əsas ola biləcək sənədi dəstəkləyən” Rusiyanın mövqeyindən razı qaldığını açıqlamışdır.