DÜNYA
GÜRCÜ-OSETİN MÜNAQİŞƏSİ MÜHARİBƏ HƏDDİNƏ ÇATMIŞDIR
Artıq iki gündür ki, Gürcüstan Prezidenti Mixail Saakaşvilinin dünya ictimaiyyətinə müraciətinin mətni hazırlanır. İlkin məlumata görə, Gürcüstan dünya dövlətlərinə Sxinvali bölgəsində münaqişənin siyasi dialoq yolu ilə tənzimlənməsi imkanlarının tükəndiyini bəyan etmək niyyətindədir və həmin məsələ ilə bağlı bölgədə təcili olaraq fövqəladə beynəlxalq konfrans keçirilməsini xahiş edir.
Əgər avqustun 16-dək gürcü ordusuna cavab atəşi açmağa icazə verilmirdisə, artıq hücumun qarşısının alınması üçün lazım gələn əks tədbirlərin görülməsinə dair qərar verilmiş və Gürcüstanın müdafiə naziri Georgi Baramidzenin sözlərinə görə, osetinlər atışmaya son qoymasalar, Gürcüstan tərəfi buraya əlavə hərbi qüvvə yeritmək məcburiyyətində qalacaq və hazırkı şəraitdə müharibə təhlükəsi gerçəkləşəcəkdir.
Münaqişə zonasından daxil olan məlumata görə, Sxinvali bölgəsinin 9 gürcü kəndində yaşayan 8 mindən çox əhali təşviş içindədir. Ailə başçıları uşaqları və qocaları təhlükəsiz yerə köçürüb, özlərini müharibə şəraiti həyatına hazırlayırlar. Artıq 1300-dək uşaq Borjomidəki sanatoriyalarda yerləşdirilmişdir.
Beləliklə, Gürcüstanın Sxinvali bölgəsində vəziyyət müharibə həddinə gəlib çatmışdır. Gürcüstan ictimaiyyəti ölkənin ərazi bütövlüyünün təmin edilməsi, Cənubi Osetiya və Abxaziyada Gürcüstanın yurisdiksiyasının bərpa olunması üçün yeni hakimiyyətin yeritdiyi siyasəti dəstəkləyir.