İQTİSADİYYAT


“Gartner”: Proqram təminatı seqmentində artım gözlənilir

A+ A

Bakı, 21 iyul, Ramiz Quliyev, AZƏRTAC 

“Gartner” analitik şirkətinin 2016-cı il üçün qlobal informasiya texnologiyaları ilə bağlı yeni proqnozuna əsasən, qlobal informasiya texnologiya xərclərinin həcmi 2015-ci illə eyni səviyyədə (3,41 trilyon ABŞ dolları) olacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə şirkətin məlumatında deyilir. İnformasiya texnologiyaları bazarının ayrı-ayrı seqmentləri haqda məlumat verən ekspertlər bu il məlumat mərkəzləri üçün avadanlığa yatırılacaq investisiyanın 2 faiz artımını proqnozlaşdırıblar. Analitiklər artıma şərait yaradan amillər arasında Çin və Qərbi Avropanın server bazarında yüksəlişi, həmçinin Şimali Amerikanın korporativ şəbəkə avadanlığı bazarında aktiv yenilənməni qeyd ediblər.

Ən yüksək artım proqram təminatı seqmentində gözlənilir. Belə ki, 2015-ci illə müqayisədə xərclər 5 faiz artaraq 332 milyard dolları ötəcək.

Mütəxəssislərin məlumatına görə, proqram təminatı seqmentində əsas hərəkətverici qüvvə Şimali Amerikadır. 2016-cı ildə bu sahədə gözlənilən 24 milyard dolların 11,6 milyardı adı çəkilən regionun payına düşəcək.

Ən böyük azalma (5,3 faiz) kompyuter texnikası bazarında proqnozlaşdırılır. Analitiklərin proqnozuna görə, bu il fərdi kompyuter, noutbuk, mobil telefon, planşet və printer daxil olmaqla müxtəlif qurğuların alışına 627,2 milyard ABŞ dolları xərclənəcək. Halbuki, 2015-ci ildə bu göstərici 662,3 milyard ABŞ dolları olub.

“Gartner”in qiymətləndirməsinə görə, bu il informasiya texnologiyaları xidmətlərinə təxminən 898 milyard dollar xərclənəcək ki, bu da ötənilki göstəricidən 3,7 faiz çoxdur. Bu sahədə Yaponiyada xərclər ən sürətli templə artacaq. Belə ki, telekommunikasiya xidmətlərinə xərclər 1,4 faiz azalaraq 1,38 trilyon dollar təşkil edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.