İQTİSADİYYAT
“Gazelli Group”: Sahibkarlığın inkişafına verilən dəstəkdən istifadə edərək “Made in Azerbaijan” brendini bütün dünyada tanıtdıracağıq
Bakı, 19 aprel, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə aprelin 17-də Yevlaxda qeyri-neft ixracatçılarının respublika müşavirəsi ölkədə sahibkarlığın dəstəklənməsi ilə bağlı siyasətin uğurla həyata keçirildiyini və sahibkarlar üçün geniş imkanların yaradıldığını bir daha təsdiq etdi. Müşavirədə müzakirə edilən məsələlər və müəyyənləşdirilmiş prioritetlər sahibkarlar üçün yeni hədəflər və imkanlar formalaşdırır. Əminik ki, dövlətimizin başçısının verdiyi tapşırıqlar ixracatçıların problemlərinin həllinə, ölkənin ixrac potensialının tam reallaşmasına təkan verəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə “Gazelli Group”un mətbuat katibi Yelena Eyvazlı deyib.
“Azərbaycanın ixrac siyasətində “Gazelli Group” olaraq biz də aktiv iştirak etməyə çalışırıq. Məhsullarımız artıq İngiltərə, Almaniya, Türkiyə, Rusiya, Ukrayna, Gürcüstan kimi ölkələrə ixrac edilir, Dubay, İran, Qətər, Cibuti ilə ixracla bağlı danışıqlar aparılır. Şirkətimiz, eyni zamanda, Qətərdə və Türkiyədə sərgilərə qatılaraq öz məhsullarını nümayiş etdirib. Bu ayın sonunda məhsullarımızın Qazaxıstana ixracı ilə bağlı danışıqların aparılması nəzərdə tutulub”, - deyə Y.Eyvazlı qeyd edib.
18 ildir fəaliyyət göstərən “Gazelli Group” Azərbaycanın ilk milli kosmetika şirkətidir. Məhsulların hazırlanmasında ölkənin təbii nemətlərindən istifadə edilir, bu da onları daha da fərqli edir. Məsələn, “Buta” brendi nar, heyva, xurma, reyhan və tərxun kimi ekstraklardan hazırlanır. “Gazelli” milli brendi ölkəmizin fəxridir. Bu brendin hazırlanmasında Naftalandan alınmış aktiv maddələrin ekstraktı istifadə edilir. “Gazelli Group” MDB məkanında yeganə şirkətdir ki, öz “Naftalan oil” ekstraktını baş ofisi ABŞ-da yerləşən kosmetik inqridiyentlərin beynəlxalq nomenklaturasına salıb. Şirkət artıq 100-dən çox vacib aktiv inqridiyentə patent alıb və gündəlik istifadə üçün önəmli olan 500-dən çox növ məhsulu yaradıb. Söhbət saç üçün şampunlar və balzamlar, maye və quru sabunlar, duş gelləri, kremlər, maskalar, losyonlar, otel məhsulları, məişət və sənaye məhsulları və s. gedir.
Mövcud olan ciddi rəqabət şəraitində “Gazelli Group” kosmetik vasitələrinin dünya istehsalçıları arasında layiqli yer tutur.
Y.Eyvazlı deyib: “Prezident İlham Əliyevin təşəbbüsü ilə qeyri neft-sektorunda yerli biznesin inkişafına təkan verəcək bir sıra islahatlar işlənilir və tətbiq edilir. Bu səbəbdən biz gələcəyə ümidlə baxırıq. Hesab edirik ki, bizim ilk məqsədimiz yerli bazarı keyfiyyətli və ən əsası qiymət baxımından münasib olan məhsullarla təmin etməkdir. Əminik ki, dövlətimizin başçısının sahibkarlığın inkişafına verdiyi dəstək və bu sahədə yaratdığı imkanlardan biz səmərəli istifadə edərək “Made in Azerbaijan” brendini bütün dünyada tanıtdıracağıq”.