DÜNYA
“Gazprom” 5 ildən sonra yenidən dünyanın ən böyük 3-cü enerji şirkəti olub
Bakı, 20 sentyabr, Nihad Budaqov, AZƏRTAC
Rusiyanın təbii qaz nəhəngi “Gazprom” 5 ildən sonra yenidən dünyanın ən böyük 3-cü enerji şirkəti olub.
AZƏRTAC xəbər verir ki, bu barədə “S & P Global Platts”ın məlumatında deyilir. Siyahıdakı şirkətlər dəyəri, gəliri, mənfəəti və sərmayələrinə görə sıralanır. Siyahıdakı bütün şirkətlərin dəyəri ən azı 5 milyard dollardır.
Dünyanın ən böyük 250 enerji şirkəti siyahısında ilk sırada “ExxonMobil” (ABŞ) qərarlaşıb. Keçən il 41-ci sırada olan “Korea Electric Power Corp.” (Koreya Respublikası) builki siyahıda ikincidir. Ötən il ikinci olan “Chevron” isə 15 pillə geriləyərək 17-ci sırada qərarlaşıb.
Dünyanın ən böyük 10 enerji şirkətinin siyahısı belədir: “ExxonMobil” (ABŞ), “Korea Electric Power Corp.”, “Gazprom”, “Philips 66” (ABŞ), “Valero Energy Corp.” (ABŞ), “Lukoil” (Rusiya), “Rosneft” (Rusiya), “Reliance Industries Ltd.” (Hindistan), “Surgutneftegaz” (Rusiya) və “Marathon Petroleum Corp.” (ABŞ).