DÜNYA
“Gazprom” “Türk axını” layihəsi üzrə avqustun 31-də Türkiyədə danışıqlar aparacaq
Bakı, 30 avqust, Nihad Budaqov, AZƏRTAC
Rusiyanın enerji nəhəngi “Gazprom” “Türk axını” qaz boru kəməri (Turkish Stream) layihəsinin bərpası ilə əlaqədar avqustun 31-də Türkiyədə danışıqlar aparacaq.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə “Gazprom”un idarə heyətinin sədr müavini Aleksandr Medvedev məlumat verib. O bildirib ki, bununla bağlı danışıqlar faktiki olaraq aparılır və prosesin bərpası barədə razılıq əldə edilib. Avqustun 31-də “Gazprom”un idarə heyətinin sədri Aleksey Millerin Türkiyəyə səfəri planlaşdırılır. Səfər çərçivəsində bir sıra görüşlər keçiriləcək.
Qeyd edək ki, ötən günlərdə Rusiyanın energetika naziri Aleksandr Novak “Türk axını” layihəsi üzrə Rusiya ilə Türkiyə arasında hökumətlərarası sazişin oktyabrda imzalana biləcəyini bildirmişdi. A.Novak həmçinin Rusiya və Türkiyə prezidentlərinin Sankt-Peterburq görüşünü şərh edərkən “Türk axını” üzrə ilk boru kəmərinin tikintisinə 2019-cu ilin ikinci yarısında başlanılacağını demişdi.
İyunun 28-də isə Rusiyanın enerji nəhəngi “Gazprom” şirkətinin “Türk axını” layihəsi üzrə Türkiyə tərəfi ilə danışıqların yenidən başlanması üçün dialoqa hazır olduğu bildirilmişdi.
Xatırladaq ki, ötən ilin noyabrında Rusiyaya məxsus “Su-24” tipli döyüş təyyarəsinin Türkiyə tərəfindən vurulmasından sonra “Gazprom”un idarə heyətinin sədri Aleksey Miller “Türk axını” layihəsi üçün Türkiyə ilə danışıqların dayandırıldığını demişdi. “Gazprom” “Türk axını” kəmərinin ötürücülük qabiliyyətini iki dəfəyədək azaldaraq kəmərlə 32 milyard kubmetr təbii qazın nəql olunmasına da qərar vermişdi.
“Türk axını” ilə Rusiya qazının Türkiyədən keçməklə Avropaya çatdırılması nəzərdə tutulur. Kəmərlə 16 milyard kubmetr qazın Avropanın, qalan hissəsinin isə Türkiyənin daxili tələbatının ödənilməsi üçün istifadə edilməsi planlaşdırılır. Layihə üzrə iki boru kəmərinin tikilməsi nəzərdə tutulur.