CƏMİYYƏT


Gecikdirilmiş sosial xarakterli ödənişlərin işəgötürənlər tərəfindən işçilərə ödənilməsi təmin edilib

Bakı, 10 yanvar, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən vətəndaşların əmək hüquqlarının müdafiəsi, o cümlədən iş yerlərində sosial xarakterli ödənişlərin gecikdirilməsi hallarının aradan qaldırılması istiqamətində ötən il də müvafiq işlər görülüb.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, hesabat dövründə Xidmətin vətəndaşların müraciətlərinə əsasən həyata keçirdiyi tədbirlər nəticəsində ümumilikdə 928 995 manat məbləğində gecikdirilmiş sosial xarakterli ödənişlərin işəgötürənlər tərəfindən işçilərə ödənilməsi təmin edilib. Həmin məbləğin 85,8 faizini gecikdirilmiş əməkhaqları, 12,1 faizini işəgötürənlər tərəfindən ödənilməli olan sosial müavinət və kompensasiyalar, qalan hissəsini zərərə görə ödənclər təşkil edib. Bir sıra vətəndaş müraciətlərində isə ayrı-ayrı şəxslərin işdən qeyri-qanuni şəkildə azad edildikləri ifadə olunub. Belə müraciətlərin araşdırılması zamanı 30 nəfər işçi ilə əmək müqaviləsinə qeyri-qanuni şəkildə xitam verildiyi aşkar edilib və görülən tədbirlər nəticəsində həmin vətəndaşlar əvvəlki iş yerlərinə bərpa olunublar.

Qeyd olunan tədbirlərlə yanaşı, Xidmətin əməkdaşları əməkhaqqı və digər sosial xarakterli ödənişlərin işçilərə vaxtlı-vaxtında ödənilməsi, əmək müqaviləsinə hansı hallarda xitam verilməsi, əməyin mühafizəsi, işçilərə sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması ilə bağlı əmək qanunvericiliyinin tələbləri barədə işəgötürənlərə ətraflı məlumatlar veriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.