CƏMİYYƏT
Gecikdirilmiş sosial xarakterli ödənişlərin işəgötürənlər tərəfindən işçilərə ödənilməsi təmin edilib
Bakı, 7 iyun, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin vətəndaş müraciətlərinə əsasən həyata keçirdiyi tədbirlərin bir istiqaməti də əməkhaqqı və digər sosial xarakterli ödənişlərin gecikdirilməsi hallarının aradan qaldırılmasına yönəlib.
Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, bu sahədə görülən tədbirlər nəticəsində cari ilin yanvar-may aylarında işəgötürənlər tərəfindən gecikdirilmiş sosial xarakterli ödənişlərdən ibarət 69,4 min manat məbləğində vəsaitin işəgötürənlər tərəfindən işçilərə ödənilməsi təmin olunub. Həmin vəsaitin 65 630 manatı (94,6 faiz) gecikdirilmiş əməkhaqlarından, 2500 manatı (3,6 faiz) işəgötürənlər tərəfindən işçilərə ödənilməli olan sosial müavinətlər və kompensasiyalardan ibarət olub. Qalan hissəsini isə zərərə görə ödənclər təşkil edib. Ayrı-ayrı vətəndaşların işdən qeyri-qanuni şəkildə azad edilmələri ilə bağlı müraciətləri əsasında da müvafiq tədbirlər görülüb. İşindən qeyri-qanuni azad edildiyi müəyyən olunan bir sıra şəxslər yenidən əvvəlki işlərinə bərpa etdiriliblər.
Cari ilin ötən dövründə Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən işəgötürənlər arasında əmək qanunvericiliyində əksini tapan normalar, əməyin mühafizəsi ilə bağlı norma və standartlar barədə məlumatlandırma işləri, habelə əmək münasibətləri sahəsində uşaq hüquqlarına dair orta ümumtəhsil məktəblərində maarifləndirmə tədbirləri də davam etdirilib.