REGİONLAR
Gədəbəy, Masallı, Tərtər və Bərdə rayonlarının 11 yaşayış məntəqəsinə təbii qaz verilib
Bakı, 31 iyul, AZƏRTAC
İyulun 31-də Gədəbəy rayonunun Çalburun, Masallı rayonunun Sərcuvar və Alışanlı, Tərtər rayonunun Poladlı, Mamırlı, Kəngərli və Bala Kəngərli, Bərdə rayonunun Qaradırnaq, Arabaçılar, Hacılar və Balaqacar kəndlərinə təbii qaz verilib.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Gədəbəyin 375 abonenti olan Çalburun kəndinə ilk dəfə təbii qaz verilib. Bunun üçün birpilləli sistem əsasında 21 min 47 metrlik metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 23 ədəd siyirtmə, 375 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.
Masallının Sərcuvar kəndinin 353 abonentinin yenidən qazlaşdırılması üçün ümumi uzunluğu 20 min 256 metr olan metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 353 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb. Rayonun Alışanlı kəndinin yenidən qazlaşdırılması üçün isə 13 min 690 metrlik metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 291 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.
Tərtər rayonunun 120 abonenti olan Poladlı, 342 abonenti olan Mamırlı, 315 abonenti olan Kəngərli və 120 abonenti olan Bala Kəngərli kəndlərinin yenidən qazlaşdırılması üçün birpilləli sistem əsasında müxtəlif diametrli polietilen, metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, hər bir abonent üçün ayrıca sayğac və fərdi tənzimləyicilər quraşdırılıb.
Bərdənin 160 abonenti olan Qaradırnaq kəndinin yenidən qazlaşdırılması üçün birpilləli sistem əsasında 2 min 441 metrlik polietilen və 19 min 642 metrlik metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, sayğac və fərdi tənzimləyicilər quraşdırılıb. Rayonun Arabaçılar kəndinin yenidən qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 19 min 597 metr olan metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 141 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb. Hacılar kəndinin 130 abonentinin və Bala Qacar kəndinin 182 abonentinin yenidən qazlaşdırılması üçün isə birpilləli sistem əsasında müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, sayğac və fərdi tənzimləyicilər quraşdırılıb.
Kənd ağsaqqalları və ictimaiyyət nümayəndələri yaşayış məntəqələrinə təbii qazın verilməsinə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.