CƏMİYYƏT
Gədəbəy rayonunda şəhid əsgər Eldar Fətəliyevin xatirəsi anılıb
Gədəbəy, 31 iyul, AZƏRTAC
İyulun 24-də Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini pozması nəticəsində Gədəbəy bölgəsində şəhid olan Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Eldar Fətəliyevin xatirəsi ölümünün yeddinci günündə doğulduğu Novoivanovka kəndində yad edilib.
AZƏRTAC xəbər verir ki, Müdafiə Nazirliyinin, Gədəbəy Rayon İcra Hakimiyyətinin, rayon ictimaiyyətinin nümayəndələri, Qarabağ müharibəsi veteranlarının bir qrupu əvvəlcə dəniz səviyyəsindən 3000 metr yüksəklikdə yerləşən mövqelərə qalxaraq Vətənin müdafiəçiləri ilə görüşüb, onların xidmət şəraiti, problem və qayğıları ilə maraqlanıblar.
Rayon icra hakimiyyətinin başçısı Ramiz Yediyarov əsgəri xidmət üçün yaradılan şəraitindən məmnun qaldıqlarını, ordumuzun ən müasir silah və döyüş texnikaları ilə təchiz edildiyini və hər şeydən öncə əsgər və zabitlərin döyüş ruhunun, mənəvi-psixoloji hazırlığının, vətənpərvərlik hissinin çox yüksək səviyyədə olduğunu qeyd edib.
Gədəbəy rayonunun ağsaqqalları adından çıxış edən Bəkir Rzayev, Qarabağ müharibəsinin qazi və veteranlarından Xanlar Məmmədov, Asəf Tapdıq, Qalib Abbasov, Çingiz Məmmədov və başqaları ön səngərdəki Vətən oğullarını əmin ediblər ki, döyüş yenidən başlayarsa, bütün gədəbəylilər də silaha sarılaraq döyüşçülərlə bir səngərdə olacaqlar.
Şəhid atası Səxavət Fətəliyev oğlunun Vətən uğrunda həlak olmasından böyük qürur duyduğunu vurğulayıb. Digər oğlunun və özünün də Vətən uğrunda döyüşlərə hazır olduqlarını bəyan edən S.Fətəliyev Eldarın qisasının tezliklə alınacağını bildirib.
Sonra xidmətdə fərqlənən bir qrup hərbi qulluqçu rayon rəhbərliyi tərəfindən qiymətli hədiyyələrlə mükafatlandırılıb.
Zabit Oruc Abdullayev qonaqları əmin edib ki, hərbi qulluqçularımız ön səngərdə ayıq-sayıq dayanıblar. Düşmən kəşfiyyat-təxribat qrupları əvvəlcən aşkarlanır, onların hücum cəhdlərinin qarşısı vaxtında alınır, hər gün atəşkəsi bir neçə dəfə pozan düşmən cavab atəşləri ilə dərhal susdurulur. Azərbaycan əsgəri işğal altındakı torpaqlarımızı azad etmək uğrunda Ali Baş Komandanın əmrlərinə hər an hazırdır.
Müdafiə Nazirliyinin zabiti, polkovnik Abdulla Qurbani Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Ali Baş Komandanın da çıxışı zamanı dediyi “Bir həftə ərzində Ermənistanda daş-daş üstə qalmaz” sözlərini bir daha xatırladaraq bu gün xalqla ordunun daha da sıx birləşdiyini, Silahlı Qüvvələrimizin torpaqlarımızı ən qısa zamanda işğaldan azad etmək gücündə olduğunu bildirib.
Novoivanovka kəndində şəhid Eldar Fətəliyevin yaşadığı evin qarşısında keçirilən anım mərasimini Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı açaraq bildirib ki, Eldar rayonun 188-ci şəhididir. Bütün dövrlərdə torpağa bağlı, Vətənə, dövlətə sadiq olan gədəbəylilər bu gün də Ali Baş Komandanın əmrinə müntəzirdirlər.
Müdafiə Nazirliyinin zabiti, polkovnik A.Qurbani Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olanların xatirəsinin dövlət səviyyəsində həmişə əziz tutulduğunu, onların adlarının əbədiləşdirildiyini, ailələrinin daim diqqət və qayğı ilə əhatə olunduqlarını vurğulayıb. O, Azərbaycan Prezidenti adından müdafiə naziri, general-polkovnik Zakir Həsənovun əmri ilə əsgər Eldar Fətəliyevin ölümündən sonra təltif olunduğu “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı şəhidin ailəsinə təqdim edib. Şəhidin atası, qardaşı və həyat yoldaşı “Vətən sağ olsun!” deyərək medalı qəbul ediblər.
Azərbaycanın Milli Qəhrəmanı, şəhid Məzahir Rüstəmovun atası professor İzzət Rüstəmov Prezident İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimizin gündən-günə güclənməsindən xalqımızın böyük qürur duyduğunu və ölkəmizin ərazi bütövlüyünün tezliklə bərpa ediləcəyinə inandığını bildirib.
Rayonun fəal sakinlərindən Kəmalə Nağıyeva Azərbaycan qadınlarının da Vətənin çağırışına hər an hazır olduqlarını deyib.
Əsgərlər, zabitlər və burada təcrübə keçən Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin kursantları şəhidlərimizin qisasını alacaqlarına and içiblər.
Sonda mərasim iştirakçıları kənd qəbiristanlığına gedərək şəhidin məzarını ziyarət edib, üzərinə əklillər, gül dəstələri qoyublar.