CƏMİYYƏT


Gədəbəy rayonunda törədilmiş iki quldurluq və bir qətl hadisəsinin üstü açılıb

Bakı, 10 avqust, AZƏRTAC

Respublikanın daxili işlər və prokurorluq orqanlarının peşəkarlıqla həyata keçirdikləri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində Gədəbəy rayonunda iki quldurluq, həmçinin keçmiş illərdən bağlı qalmış bir qətl hadisəsinin üstü açılıb.

Daxili İşlər Nazirliyi və Respublika Baş Prokurorluğunun mətbuat xidmətlərinin AZƏRTAC-a daxil olan birgə məlumatında bildirilir ki, cari il avqustun 5-də naməlum şəxs Gədəbəy rayonunun İnəkboğan kənd sakini Əjdər Ələkbərovun evinə qanunsuz daxil olaraq ona qarşı zor tətbiq edib, müxtəlif xəsarətlər yetirərək pul tələb edib. Məqsədinə nail olmadıqda isə ev sahibinə məxsus bir “Nokia” markalı telefonu götürərək hadisə yerini tərk edib.

Faktla əlaqədar Gədəbəy Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 181.2.3-cü (quldurluq) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

Keçirilən təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində həmin cinayət əməlini rayonun Qasımlı kənd sakini Babək Məmmədovun törətdiyi müəyyən olunub və o, polis əməkdaşları tərəfindən tutulub.

Avqustun 8-də təqsirləndirilən şəxs qismində cəlb edilməklə Babək Məmmədov barəsində rayon məhkəməsinin qərarı ilə 4 (dörd) ay müddətində həbs qətimkan tədbiri seçilib.

İlkin təhqiqat zamanı B.Məmmədovun rayon ərazisində daha bir analoji hadisə və bir qəsdən adam öldürmə cinayəti törətməsi də müəyyənləşdirilib. Belə ki, ötən il noyabrın 26-da gecə vaxtı B.Məmmədov pəncərədən keçməklə rayonun Köhnəqışlaq kənd sakini Müşgünaz Məmmədovanın yaşadığı evə daxil olaraq onu bıçaqla hədələyib və pul tələb edib. O, evdən əlli manat pul, həmçinin evin sahibəsinə məxsus pensiya kartını quldurluq yolu ilə ələ keçirib.

Təqsirləndirilən şəxs B.Məmmədov istintaqa ifadəsində 2016-cı il dekabrın 13-də rayonun Qasımlı kənd sakini Səmayə Məmmədovanı yaşadığı evin həyətində tamah məqsədilə qətlə yetirdiyini də etiraf edib.

Hazırda göstərilən faktlar üzrə zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.