REGİONLAR


Gədəbəy zəngin turizm potensialına malikdir

A+ A

Gədəbəy, 3 avqust, Rauf Hacıyev, AZƏRTAC

Ölkəmizin qərb bölgəsində Kiçik Qafqaz dağlarının qoynunda yerləşən Gədəbəy əsrarəngiz təbiəti ilə məşhurdur. Cəmi bir neçə dəqiqəyə 7 kilometrlik Yasamal aşırımının burma-burma, dolama yollarını qət etdikdən sonra insanın gözləri önündə açılan geniş təbiət mənzərəsi hər kəsi valeh edir.

AZƏRTAC xəbər verir ki, hazırda Gədəbəydə şəhərin mərkəzində ölkənin müxtəlif bölgələrindən gələn yerli turistlərin qələbəliyi yaşanır. İndi qızmar yayın qovurucu istisindən yaxa qurtarmaq istəyən çoxlu sayda turist ailəvi olaraq Gədəbəyə üz tutur.

Yamyaşıl yaylaqlar, geniş çəmənliklər, sıx meşələr, dağların zirvəsindən yamaclar boyunca axan kiçik çaylar, şəlalələr, göllər, qayalar arasından süzülən buz bulaqlar, həmçinin qədim və zəngin tarix Gədəbəyi yerli və xarici turistlər üçün əvəzolunmaz məkana çevirir.

Son illərdə rayonda yaradılan infrastruktur isə istənilən sayda turistin, yerli və əcnəbi qonaqların burada qalmasına, eləcə də istirahətlərindən mənəvi zövq almasına imkan yaradır. Artıq neçə ildir ki, Gədəbəydə istər xarici, istərsə də yerli turistləri qarşılamaq və onlara yüksək səviyyəli mədəni xidmət göstərmək üçün “Aşağı Narzan”, “Yuxarı Narzan”, “Şirxan”, “Göyçə”, “Eldordo” kimi müasir istirahət məkanları fəaliyyət göstərir. İstirahət mərkəzlərində isə qonaqların məmnunluğunu qazanmaq üçün bir-birindən maraqlı və münasib xidmətlər təklif olunur.

Bununla yanaşı, Gədəbəydə kənd turizminin də inkişaf etdiyini görmək mümkündür. Demək olar ki, rayonda yaşayan əksər ailələr potensial olaraq evlərində 4-5 nəfər qonaq qəbul etmək və onlara mədəni xidmət göstərmək imkanına malikdir. Məhz kənd sakinlərinin mehriban və səmimi rəftarı, həmçinin bəzi insanların kənd həyatına maraq göstərməsi onları bu cür evlər kirayələməyə və istirahətlərini kənd ailələri ilə birgə keçirməyə vadar edir.

Turistləri Gədəbəyə cəlb edən digər bir səbəb isə bu yerlərin həm də qədim və zəngin tarixə şahidlik etməsidir. Dağların zirvəsində, sərt yamaclarda, sıx meşəliklərin ortasında tikilən möhtəşəm qalalar, qalaçalar, məbədlər, körpülər və digər tarixi abidələr Gədəbəyin turizm əhəmiyyətini daha da artıran və bu yerləri hər kəs üçün unudulmaz edən əsas məkanlardır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.