REGİONLAR
Gədəbəydə “Vətənin müdafiəsinə hazıram!” adlı tədbir keçirilib
Bakı, 6 may, AZƏRTAC
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti fəaliyyət istiqamətinə uyğun olaraq, Azərbaycan Respublikası vətəndaşlarının hərbi-vətənpərvərlik tərbiyəsi, yeniyetmə və gənclərdə vətəndaşlıq hisslərinin yüksəldilməsi, onların Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizəyə hazırlıq ruhunda tərbiyə edilməsi məqsədi ilə mütəmadi olaraq ictimai tədbirlər həyata keçirir.
AZƏRTAC xəbər verir ki, Xidmətin 2016-cı il üçün fəaliyyət planına əsasən, Gədəbəy Rayon İcra Hakimiyyəti ilə birgə “Vətənin müdafiəsinə hazıram!” mövzusunda tədbir keçirilib.
Tədbirdə rayon icra hakimiyyətinin nümayəndələri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gədəbəy rayon şöbəsinin şəxsi heyəti, orta məktəblərin yuxarı sinif şagirdləri, şəhid ailələrinin üzvləri, Qarabağ müharibəsi veteranları iştirak ediblər.
Azərbaycanın Dövlət himni səsləndikdən sonra ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olmuş oğul və qızlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri açan Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Yediyarov təmas xəttində Silahlı Qüvvələrimizin düşməni ağır məğlubiyyətə uğratmasının cəmiyyətdə böyük ruh yüksəkliyi yaratdığını qeyd edib.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini, general-mayor Novruzəli Orucov çıxışında bildirib ki, Azərbaycan Ordusu cəbhə xəttində qazandığı qələbə və bir neçə strateji yüksəkliyi işğaldan azad etməsi ilə Silahlı Qüvvələrimizin gücünü dünyaya sübut edib.
“Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənli son hərbi əməliyyatlarda qazanılmış qələbənin Azərbaycanda aparılan ordu quruculuğu prosesinin uğurlu olduğunu bir daha təsdiqlədiyini bildirib.
Tədbirdə şəhid ailələrinin üzvləri, veteranlar, çağırışaqədərki hazırlıq rəhbəri, eləcə də “Çağırışaqədərki hazırlıq” fənnində yüksək nailiyyət göstərən şagirdlər mükafatlandırılıblar.
Tədbirin bədii hissəsində Gədəbəy rayonunun müxtəlif məktəblərinin şagirdləri və vətənpərvərlik mahnılarının mahir ifaçısı Şəmistan Əlizamanlı vətənpərvərlik mövzusunda tərtib edilmiş proqramla çıxış edib.