REGİONLAR
Gədəbəydə altı ayda 14 milyon 108,7 min manat dəyərində məhsul istehsal olunub
Gədəbəy, 28 iyul, Sabir Əliyev, AZƏRTAC
Gədəbəyin sosial-iqtisadi inkişafı istiqamətində həyata keçirilən tədbirlər 2015-ci ilin birinci yarısında da uğurla davam etdirilib. Rayonda ümumi məhsul istehsalı 14 milyon 108,7 min manat olub ki, bu da nəzərdə tutulduğundan 12,1 faiz çoxdur. Rayonun sosial-iqtisadi inkişafı istiqamətində əvvəllər başlanan işlər uğurla davam etdirilib. İsalı kəndində 180 şagird yerlik tam orta məktəbin, Gədəbəy şəhərində 100 yerlik uşaq bağçasının tikintisi başa çatdırılıb. Moruxlu kəndində isə tam orta məktəbin inşası sürətlə davam etdirilir.
AZƏRTAC xəbər verir ki, bu barədə Gədəbəy rayonunda 6 ayın yekunlarına həsr edilmiş hesabat yığıncağında məlumat verilib. Rayon icra hakimiyyətinin başçısı Ramiz Yediyarov hesabat məruzəsi ilə çıxış edərək deyib ki, əsasən kənd təsərrüfatı rayonu olan Gədəbəydə 6 ay ərzində ət istehsalı keçən illə müqayisədə 1,3 faiz, süd istehsalı 1,4 faiz artıb. İribuynuzlu mal-qaranın baş sayı 54 min 590 başa, qoyun və keçilərin baş sayı isə 278 min 937 başa çatdırılıb ki, bu da əvvəlki illərə nisbətən xeyli çoxdur. Rayon əkinçiləri də uğurlu nəticələrə nail olublar. Belə ki, 11 min 889,7 hektar sahədə kartof, 866,8 hektarda payızlıq buğda, 326 hektar sahədə tərəvəz, 86,5 hektar sahədə isə qarğıdalı əkilib. Mütəxəssislərin verdikləri proqnoza görə, həmin sahələrdən də bol məhsul əldə ediləcək.
Diqqətə çatdırılıb ki, 2015-ci ilin birinci yarısında əhalinin məşğulluğunun təmin edilməsi istiqamətində bir sıra məqsədyönlü tədbirlər həyata keçirilib. Rayon məşğulluq mərkəzinə müraciət etmiş 124 nəfərdən 70 nəfəri müxtəlif idarə, müəssisə və təşkilatlarda iş yerləri ilə təmin edilib. İşlə təmin edilənlərin 28 nəfəri gənclərdir.
Əhalinin dayanıqlı elektrik enerjisi, qaz və su təminatının yaxşılaşdırılması da diqqət mərkəzində saxlanılıb. Hesabat dövründə 10 kilovoltluq hava xəttinin 29,5 kilometri, 0,4 kilovoltluq hava xəttinin isə 28,4 kilometri yeni naqillərlə əvəz edilib, 62 ədəd elektrik transformatoru dəyişdirilib. Hazırda şəhərə və 26 kəndə təbii qaz verilir.
Cari ilin ötən dövründə 40 mənzilə sayğac quraşdırılıb. 133 sayğac isə yenisi ilə əvəzlənib. Rayonun Söyüdlü və Çalburun kəndlərində qazlaşdırma işləri sürətlə davam etdirilir.
Hesabat yığıncağında təhsil və səhiyyə sahəsində aparılan yenidənqurma işlərindən də ətraflı danışılıb, bu sahədə mövcud olan nöqsanların aradan qaldırılması üçün təcili tədbirlər görülməsi barədə tapşırıqlar verilib.
Yığıncaqda Milli Məclisin deputatları Rafiq Məmmədhəsənov və Sevinc Hüseynova çıxış edərək 6 ay ərzində respublikamızda qazanılan uğurlardan bəhs edib, bu uğurlarda gədəbəylilərin də payının olduğunu diqqətə çatdırıblar.
Sonda cari ilin ikinci yarısında görüləcək işlərə dair qərar qəbul edilib.