REGİONLAR


Gədəbəyli malakanlar - Novosaratovkadan REPORTAJ VİDEO

A+ A

Bakı, 25 oktyabr, A.Həsənova, E.Şahbalayev, AZƏRTAC

Malakanlar Gədəbəy rayonunda bir əsrdən çoxdur məskən salıblar. Hazırda Novosaratovka kəndində bir neçə malakan ailəsi var ki, bu gün də öz adət-ənənələrini qoruyub saxlayırlar. Eyni zamanda, onlar Azərbaycan dili və mədəniyyətini yerli sakinlərdən heç də az mənimsəməyiblər.

Gədəbəyin ən məşhur malakanı Nikolay Bıçkov doğma dili ilə yanaşı, Azərbaycan dilinin yerli ləhcəsində də danışır. Onu Gədəbəydə daha çox Kolya kimi tanıyırlar. Bu insanın şirin gədəbəyli ləhcəsi, maraqlı söhbətləri və öz resepti ilə hazırladığı dadlı çayı bu yerlərdə dillər əzbəridir.

Novosaratovka kəndinin əsası XVIII əsrin əvvəllərində Rusiya çarının əmri ilə bu ərazilərə gələn malakanlar tərəfindən qoyulub. Gədəbəyə gələnə qədər isə onlar Saratov quberniyasında yaşayıblar. Elə Kolyanın ulu babaları da o zamanlar bura köçərək, bu yerlərdə məskunlaşıblar.

Nikolay Bıçkov həm də Novosaratovkada yaşayan malakanların icma rəhbəridir. O, əsrlərdir burada yaşadılan adət-ənənələrin ən layiqli qoruyucularındandır. İstər malakan mətbəxini, istərsə də mədəniyyətini, folklorunu gələcək nəsillərə ötürməyə çalışır.

O, ata-baba yurdunda maraqlı muzey də yaradıb. Yüz illik tarixi olan məişət əşyaları, şəkilləri xüsusi guşədə sərgiləyir. Kəndə gələn turistlər muzeyə və həmin eksponatlara böyük maraqla baxırlar. Kolyanın muzeyində qeyri-adi eksponatlar çoxluq təşkil edir. Özünün beşiyi, doğmalarının əlləri ilə toxunmuş əşyalar və s. Nikolay Bıçkov turistlərin qədim əşyalara çox maraq göstərdiklərini deyir. Hətta bir turist qədim bir əşyanın ona satılmasını xahiş edib. Amma Kolya razılaşmayıb. “Hər gələn turistə eksponat satsam, burada bir şey qalmaz”, - deyə Kolya bu tarixi qoruyub saxlamağın ona çox vacib olduğunu bildirir. O, bu muzeyin dövlət qeydiyyatından keçirilməsini arzulayır.

Malakanların bu diyarda məskunlaşmasından danışarkən Nikolay Bıçkov bir çox tarixi məqamları da qeyd edir. Ermənilərin guya bu kəndlərdə lap qədimdən yaşadıqlarını iddia etməsinə Kolya babalarının danışdıqlarını misal çəkir. “O vaxtlar ulu babalarımız burada məskunlaşanda ermənilər heç olmayıb. Yalnız yerli insanlar olub. Malakanlar da özləri üçün ayrıca yurd salıblar. Yerli insanlar heç vaxt onlara mane olmayıblar, əksinə müdafiə ediblər”, - deyə o, qeyd edir.

Nikolay Bıçkov bu gün də onlara daim dövlət tərəfindən dəstək göstərildiyini deyir. Kənddə yaşayan malakanların ayrıca məktəbi, ibadət yeri var. Bakı-Novosaratovka marşrutu ilə hər gün avtobus marşrutu fəaliyyət göstərir. Onlar üçün əsas məqamlardan biri mədəniyyətləri və dinlərini yaşatmaq üçün şəraitin yaradılmasıdır ki, bu da Azərbaycanda mövcuddur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.