CƏMİYYƏT


Gələcək həkimlər bacarıq imtahanları verirlər

Bakı, 16 iyun, AZƏRTAC

…Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının Treninq Mərkəzinin dəhlizlərində tam sakitlik hökm sürür. Divarlara vurulmuş “Sakit! İmtahan gedir!” elanına baxmadan məzun olmağa hazırlaşan ağxalatlı oğlan və qızların həyəcanını duymaq olar.

Tələbələr bir-birinin ardınca imtahan otağında əyləşən müəllimlərə yaxınlaşaraq maneken üzərində bacarıqlarını nümayiş etdirilər. İndi beş il təhsil müddətində auditoriyalarda, mühazirə və seminarlarda, xəstəxana, klinika və laboratoriyalarda öyrəndikləri, yiyələndikləri bacarıq və vərdişləri nümayiş etdirmək zamanıdır.

...Hamı həyəcanlıdır. Burda bir nəfər də olsun qayğısız, arxayın tələbə tapmaq olmaz. Elə onlardan imtahan götürən müəllimlər də qayğısız deyillər. Bu gün tələbələr öyrəndiklərini necə nümayiş etdirəcəklərindən, müəllimlər də öyrətdiklərinin necə qavranıldığından narahatdırlar.

Daxili xəstəliklərdən imtahan verən tələbələr əvvəlcə xəstəyə ilkin tibbi yardım göstərərək xəstənin həyata qaytarılması bacarığını nümayiş etdirir, növbəti mərhələdə ürəyin və ağciyərlərə qulaq asır, yenidoğulmuşun qidalandırılması, rentgenoqram və elektrokardioqramı oxuyur, qanın ümumi analizini təhlil edir, sonda isə “xəstəyə” “resept yazır”…

Cərrahiyyədən imtahan verən tələbələr isə əlcək geyinir, əvvəlcə qanaxmanı dayandırmaq lazım olduğunu göstərir, növbəti mərhələdə tikiş və xəstənin daşınması üçün şina qoymaq bacarıqlarını nümayiş etdirirlər.

AZƏRTAC xəbər verir ki, bütün bunlar bu gün Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının Treninq Mərkəzində müalicə-profilaktika fakültəsinin tələbələrinin buraxılış dövlət imtahanında yaşananlardır. Onu da qeyd edək ki, hər bir tibbi bacarığı nümayiş etdirmək üçün tələbəyə cəmi 3 dəqiqə vaxt verilir.

Universitetdə təhsilin keyfiyyətinə nəzarət və innovasiya şöbəsinin müdiri, professor Akif Qurbanov deyir:

-Tibb Universitetində, o cümlədən müalicə-profilaktika fakültəsində yekun dövlət attestasiya imtahanları iki mərhələdə keçirilir: “Birinci mərhələdə tələbələr bacarıq imtahanlarından keçir və üç fəndən - cərrahiyyə, daxili xəstəliklər və mamalıq-ginekologiyadan imtahan verirlər. Həmin imtahanlar yeni Obyektiv Strukturlaşmış Klinik İmtahan (OSKİ) üsulu ilə aparılır. Bu cür imtahanlar bütün dünyada mövcuddur və ilk dəfədir ki, bizim təhsil ocağında onu daha da təkmilləşdirilmiş formada aparırıq. Klassik imtahanlardan fərqli olaraq OSKİ-də tələbənin 10 bacarığı yoxlanılır. Hər bacarığa uyğun bir məntəqə yaradıldığından imtahanda 10 məntəqə fəaliyyət göstərir. Tələbə birinci məntəqədən başlayaraq ardıcıllıqla hər məntəqədə imtahan verib digərinə keçir.

Professor daha sonra əlavə edib:

-Burada klassik imtahanlardan fərqli məqamlar var. İlk növbədə təhsil müddətində yiyələndiyi bacarıqları nümayiş etdirir və müəllimlər isə onların bu bacarıqları necə nümayiş etdirməsini seyr edərək onları obyektiv qiymətləndirirlər. Qeyd etmək vacibdir ki, tələb olunanlar hamısı ümumi həkim bacarıqlarıdır. Həkim diplomuna yiyələnən məzunlar həmin bacarıqlara sahib olmalıdırlar, çünki bəzən gələcək həkimlərdən eləsi olur ki, təhsil müddətində yaxşı nəzəri hazırlıq nümayiş etdirsə də, bacarıq və səriştəliliyi kifayət qədər yüksək olmur. Ona görə də belə bir imtahan aparılması çox səmərəlidir. Bu gün tələbə hər fəndən 10 bacarığa yiyələnməklə ümumilikdə 30 bacarığa sahib olur ki, bunlar da gələcək peşə fəaliyyətində ən çox onlara lazım olanlardır.

Onun verdiyi məlumata görə, tələbə hər mərhələdə maksimum 50 baldan 30 faizini, başqa sözlə desək, minimum 17 bal toplamalıdır. Lakin imtahanların gedişi göstərir ki, tələblər çox yüksək hazırlıq nümayiş etdirir və daha yüksək bal toplayırlar.

Təzəcə imtahandan çıxan Samirə Səlimova həyəcanlı olsa da, ürək sözlərini bölüşür:

-İmtahanların ikipilləli keçirilməsi çox yaxşıdır və mən onun obyektivliyindən razı qaldım. Bütün bacarıqlardan “əla” qiymət aldım, lakin bir qədər tələsdiyimdən bacarıqlardan birindən “kafi“ qiymətləndirildim. Qrup yoldaşlarım hamısı da çox uğurla imtahan verirlər. Deməli, yuxusuz gecələrimiz, auditoriyalarda və təcrübə zamanı çəkdiyimiz zəhmət hədər getməyib.

II müalicə-profilaktika fakültəsinin dekani, dosent İsrail Məhərəmbəyli də imtahanın gedişindən və tələbələrin hazırlığından razıdır.

İmtahan komissiyasının sədri, tibb elmləri doktoru Teymur Qafarov, sədr müavini, professor Vəsadət Əzizov, katibi Gülcamal Həsənova və komissiyanın digər üzvləri bacarıq imtahanlarının gedişini diqqətlə izləyirlər.

İmtahan davam edir, tələblər məntəqədən-məntəqəyə keçərək sabah onlara lazım olacaq peşə bacarıqlarını məharətlə nümayiş etdirirlər…

Günün ortalarında xəbər tutduq ki, 150-dən artıq tələbənin hamısı uğurla imtahan verib və keçid balını toplamayan bir nəfər də yoxdur…

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.