İQTİSADİYYAT


Gələcəkdə ödəmələrin nağdsız yollarla həyata keçirilməsi ÜDM-in üç faizini təşkil edə bilər

A+ A

Bakı, 4 noyabr, Elvin Camalov, AZƏRTAC

Gələcək 3 ildə bütün ödəmələrin nağdsız yollarla həyata keçirilməsi ilə nağd pul vəsaitlərinin istifadəsindən yaranan xərclərin qarşısı alınacaq, bu da ÜDM-in təxminən 3 faizini təşkil edə bilər.

AZƏRTAC xəbər verir ki, bu barədə “Mastercard” şirkətinin Türkiyə və Azərbaycan regionu üzrə meneceri Yasəmən Bədir qlobal ödəniş texnologiyaları təchizatçısı olan “Mastercard” şirkətinin Azərbaycanda nümayəndəliyinin açılması ilə bağlı keçirilən tədbirdə deyib.

O, ödənişlərin inkişafının “Mastercard”ın bütün ölkələr üzrə fəaliyyətinin ən mühüm prioritetlərindən biri olduğunu qeyd edərək bu sahədə şirkətlə Azərbaycan hökuməti və kommersiya bankları arasında sıx əməkdaşlığın vacibliyini vurğulayıb.

Onun sözlərinə görə, Azərbaycanda nağdsız hesablaşmaların artırılması sahəsində elektron ödəniş infrastrukturunun inkişaf etdirilməsi, əhatə dairəsinin və nağdsız ödənişlərdə innovativ texnologiyaların tətbiqinin genişləndirilməsi, elektron ödəniş xidmətlərinin institusional bazasının gücləndirilməsi, əhali və iqtisadi subyektlərin elektron ödəniş xidmətlərindən istifadəyə cəlb edilməsi olduqca vacibdir.

“Azərbaycan “Mastercard” üçün olduqca önəmli bir bazardır. Bu səbəbdən ölkədə nağdsız ödənişləri inkişaf etdirmək istiqamətində Azərbaycanda fəaliyyət göstərən banklar və dövlət orqanları ilə əməkdaşlığı genişləndirmək niyyətindəyik. Azərbaycanda “Mastercard” nümayəndəliyinin açılmasının səbəblərindən biri də məhz elə budur. Bununla yanaşı, Azərbaycan hökuməti ilə ölkədə kart ödənişlərinin artırılması və nağdsız iqtisadiyyatın inkişafı üzrə strateji əməkdaşlıq istiqamətlərinə dair müzakirələr aparırıq. “Mastercard” olaraq biz Azərbaycanın böyük potensialına və ölkənin parlaq gələcəyinə inanırıq”, - deyə Yasəmən Bədir vurğulayıb.

O, həmçinin qeyd edib ki, aparılan hesablamalara əsasən, gələcək 3 ildə bütün ödəmələrin nağdsız yollarla həyata keçirilməsi ilə nağd pul vəsaitlərinin istifadəsində yaranan xərclərin qarşısı alınacaq, bu da ÜDM-in təxminən 3 faizini təşkil edə bilər. Belə bir göstərici hər bir ölkə üçün əhəmiyyətli bir qazancdır.

“Mastercard”ın Azərbaycan üzrə meneceri Alpər Meriç bildirib ki, innovativ həllər üzrə qlobal şirkət olaraq “Mastercard” müştərilərinə ən son texnoloji yenilikləri və həlləri təqdim edir, nağdsız ödənişləri inkişaf etdirmək və müştəriləri stimullaşdırmaq məqsədilə yerli və beynəlxalq şirkətlərlə birgə müxtəlif aksiya və kampaniyalar həyata keçirir.

“Hazırda Azərbaycanda nağd ödənişlərin payı 90 faizdən çoxdur. Buna baxmayaraq, ölkə nağdsız ödəmələrin inkişafı üçün böyük potensiala malikdir və artıq sözügedən istiqamətdə uğurlu nəticələr əldə edilib. Bizim Azərbaycana olan inamımız böyükdür. Məhz buna görə, ölkənin rəqəmsal və nağdsız ödənişlərin tətbiqi üzrə regionda lider mövqe tutmasını, “Mastercard”ın ən innovativ texnologiyalarını ilk tətbiq edən ölkələrdən biri olmasını arzulayırıq və bunun üçün öz təcrübəmizi paylaşmağa hazırıq. Şadam ki, Azərbaycanda nümayəndəliyimiz fəaliyyətə başladı. Buradakı fəaliyyətimiz “Nağdsız Azərbaycan” konsepsiyasına əsaslanacaq”, - deyə Alpər Meriç vurğulayıb.

Nağd vəsaitlərin yaratdığı maliyyə yükündən danışan Alpər Meriç “Mastercard”ın bu istiqamətdə dünyanın bir çox ölkəsində apardığı araşdırmalar barədə məlumat verib. Bildirib ki, araşdırmalara əsasən, əgər Türkiyə kimi ölkədə bütün ödənişlər 3 il boyunca nağdsız şəkildə aparılarsa, qənaət nəticəsində əldə olunan vəsait hesabına 10 Bosfor körpüsü, 538 xəstəxana və ya 11 dəmir yolu xətti inşa etmək mümkün olar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.