CƏMİYYƏT
“Gələcəyimizi birlikdə düşünək – narkomaniyaya yox deyək!” mövzusunda tədbir keçirilib
Bakı, 28 mart, AZƏRTAC
Nizami rayonundakı 32 nömrəli tam orta məktəbdə yuxarı sinif şagirdləri, müəllim və valideynlərin iştirakı ilə “Gələcəyimizi birlikdə düşünək – narkomaniyaya yox deyək!” mövzusunda tədbir keçirilib.
Rayon icra hakimiyyətinin mətbuat xidmətindən AZƏRTAC-a daxil olan məlumata görə, tədbirdə Rayon İcra Hakimiyyəti başçısı aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Əli Axundov, Daxili İşlər Nazirliyi Baş İctimai Təhlükəsizlik İdarəsinin şöbə rəisi, polis polkovniki Adıgözəl Adıgözəlov, Respublika Narkoloji Mərkəzinin narkoloq-həkimi Asif Kəngərli, Nizami Rayon Polis İdarəsinin rəisi, polis polkovniki Ədalət Abbasov, Nizami Rayon Polis İdarəsinin Veteranlar Şurasının üzvü Firdovsi Bayramov və 32 nömrəli tam orta məktəbin direktoru Sevda Abdullayeva öz çıxışlarında sağlamlıq üçün ciddi təhlükə yaradan və cinayətkarlığın artmasına təkan verən narkomaniyanın ən böyük sosial bəlalardan biri olduğu barədə ətraflı məlumat verərək yeniyetmə gəncləri “narkomaniyaya yox” deməyə, sağlam həyat və mənəvi kamilliyə çağırıblar.
Tədbirdə şagirdlərin sualları cavablandırılıb və onları narahat edən məsələlərlə bağlı fikir mübadiləsi aparılıb, narkomaniya və onun fəsadları barədə videoçarx nümayiş olunub.