CƏMİYYƏT
Gələcəyin gənc diplomatları üçün natiqlik təlimi
Bakı, 2 sentyabr, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə və Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin təşkilati dəstəyi ilə Gənclər Fondunun elan etdiyi VIII qrant müsabiqəsinin qalibi olmuş “Gələcəyin gənc diplomatları üçün natiqlik təlimi” adlı layihənin açılış mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, açılış mərasimində layihə rəhbəri Aytən Hüseynova çıxış edərək Azərbaycanda uğurlu gənclər siyasətinin həyata keçirildiyini, beynəlxalq tədbirlərdə, o cümlədən dövlət tədbirlərində gənclərin iştirakı və fəaliyyətinin artdığını bildirib. Qeyd edib ki, bu baxımdan gənclərin liderliyin formalaşdırılmasının və natiqlik sənətinin öyrənməsi vacibliyi yaranır. “Gələcəyin gənc diplomatları üçün natiqlik təlimi” layihəsi kütlənin idarə edilməsini və natiqlik sənətinin öyrədilməsini nəzərdə tutur.
Layihənin icrası zamanı təlimlər nəzərdə tutulub. Təlimləri uğurla başa vuran gənclər sertifikatlarla təltif olunacaqlar.
Daha sonra təlimçi YAP Səbail rayon təşkilatının Gənclər Birliyinin idarə heyətinin üzvü Səməd Rzazadə layihə çərçivəsində planlaşdırılan təlimlər haqda məlumat verib, iştirakçıların təlimlə bağlı suallarını cavablandırıb.