QAN YADDAŞI
Gələn ay İzmitdə Xocalı abidəsinin açılışı olacaq
Bakı, 10 mart, AZƏRTAC
Türkiyənin İzmit şəhərində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılan abidənin tikintisi artıq başa çatmaq üzrədir. Aprelin 22-də Azərbaycan və Türkiyə rəsmi şəxslərinin iştirakı ilə abidənin açılışı gözlənilir.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, “Xocalı şəhidləri abidəsi” İzmit Bələdiyyəsi ilə Türkiyə Azərbaycan Dərnəkləri Federasiyası (TADEF) arasında imzalanmış protokola əsasən hazırlanıb.
İzmitin Yenişəhər məhəlləsində qoyulmuş abidənin hündürlüyü 2,5 metr təşkil edir. Şəhidlərin ölməzliyini bildirən səmaya doğru ucalmış sütunlardan ibarət abidənin üzərində Xocalı soyqırımı haqqında qısa məlumat yerləşdirilib, Azərbaycan və Türkiyə dostluğunu tərənnüm edən simvollar əks olunub. Bundan başqa, abidənin kənarlarındakı lövhələrdə Xocalıda qətlə yetirilmiş 613 nəfərin adları həkk olunub.