REGİONLAR
Gələn il Ağdam rayonunda pambıq əkini sahələri 3 min hektara çatdırılacaq
Ağdam, 25 oktyabr, Tahir Ağaməmmədov, AZƏRTAC
Havaların yağmurlu keçməsi Ağdam rayonunda pambıq yığımını ləngitsə də, hazırda pambıqyığan maşınların köməyi və əl əməyi ilə işlər davam etdirilir.
Ağdam rayon Statistika İdarəsindən AZƏRTAC-a bildiriblər ki, bu günədək təsərrüfatlardan 485 ton xam pambıq tədarük edilib. Bu, ötən ilin müvafiq dövründəki göstəricidən 431 ton və ya 9 dəfə çoxdur. Yığılan pambıq “MKT İstehsalat Kommersiya” MMC və “CTS Aqro” MMC-yə təhvil verilir.
Qeyd edək ki, dövlətimizin başçısının pambıqçılığın inkişafı ilə əlaqədar verdiyi tövsiyə və tapşırıqlara müvafiq olaraq Ağdam rayonunda unudulmaqda olan bu sahənin dirçəldilməsi istiqamətində mühüm addımlar atılıb. Əgər ötən il rayon ərazisində 36 hektarda pambıq əkilmişdisə, bu il 551 hektarda “ağ qızıl” becərilib. Gələn il isə 3000 hektarda pambıq əkilməsi üçün hazırlıq işləri görülür.