REGİONLAR


Gələn il Ağdamda 3000 hektarda pambıq əkiləcək

A+ A

Ağdam, 20 sentyabr, Tahir Ağaməmmədov, AZƏRTAC

Ağdam rayon Quzanlı qəsəbəsində Prezident İlham Əliyevin sədrliyi ilə sentyabrın 17-də Sabirabad rayonunda keçirilən müşavirədə pambıqçılığın inkişafı ilə bağlı verilən tapşırıqların icrası ilə əlaqədar qarşıda duran vəzifələr müzakirə edilib.

AZƏRTAC xəbər verir ki, pambıq istehsalçılarının, fermerlərin, kənd inzibati ərazi nümayəndələri və bələdiyyə sədrlərinin iştirak etdikləri toplantıda rayon icra hakimiyyətinin başçısı Raqub Məmmədov çıxış edərək, kənd təsərrüfatının strateji sahələrindən hesab olunan pambıqçılığın inkişaf etdirilməsi ilə bağlı dövlətimizin başçısının verdiyi tapşırıq və tövsiyələrin ölkəmizdə bu sahənin sürətli inkişafına əlverişli şərait yaratdığını bildirib.

Pambıqçılığın inkişafı ilə bağlı həyata keçirilən tədbirlərdən bəhs olunarkən diqqətə çatdırılıb ki, əgər ötən il rayon ərazisində 36 hektarda pambıq əkilmişdisə, bu il 551 hektarda “ağ qızıl” becərilib. Gələn il isə 3000 hektarda pambıq əkilməsi üçün hazırlıq işləri görülür. Pambığı əsasən “CTS Aqro” MMC və “MKT İstehsalat Kommersiya” MMC ilə müqavilə əsasında becərən fermerlər texnikalarla, toxum, gübrə və kimyəvi preparatlarla təmin ediliblər.

Kənd təsərrüfatı idarəsinin rəisi Allahverən Əliyev, mexaniki suvarma idarəsinin rəisi Hafiz Əzimzadə, statistika idarəsinin rəisi Xosrov İsmayılov, fermer Həsrət Səfərov və başqaları çıxış edərək, pambıqçılığın inkişafı, məhsulun vaxtında və itkisiz yığılması üçün qarşıda duran vəzifələrdən danışıblar.

Məlumat verilib ki, pambığın becərilməsində suvarma, gübrələmə, kultivasiya, zərərverici və xəstəliklərə qarşı mübarizə, ucvurma və sair kimi aqrotexniki tədbirlər vaxtında həyata keçirilib. Məhsulun maşınla yığılması nəzərdə tutulan sahələrdə pambığın yarpaqlarının kimyəvi yolla tökdürülməsi üçün defoliasiya işləri görülüb. Artıq rayonda pambığın əl ilə yığımına başlanılıb. Gələn il pambıq əkinlərinin daha çox sahədə aparılacağını nəzərə alaraq, rayonda “MKT İstehsalat Kommersiya” MMC-nin pambıq qəbulu məntəqəsinin açılması nəzərdə tutulur.

Yığıncaqda pambıqçılıq təsərrüfatlarının rəhbərləri və fermerlərin təklifləri dinlənilib, qarşıya çıxan çətinliklərin aradan qaldırılması üçün müvafiq orqanların rəhbərlərinə göstərişlər verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.