İDMAN


Gələn il Azərbaycanda qaçqın və məcburi köçkün uşaqlar üçün daha 15 futbol məktəbi açılacaq

Tbilisi, 10 dekabr, AZƏRTAC

Gürcüstanın paytaxtı Tbilisidə “Əraziləri işğal olunmuş və münaqişələrə cəlb olunmuş ölkələrdə uşaqlar üçün açıq futbol” layihəsində iştirak edən dövlətlərin nümayəndələrinin növbəti toplantısı keçirilib.

Tədbirdə Azərbaycanı Milli Məclisin əmək və sosial siyasət komitəsinin sədr müavini Rauf Əliyev təmsil edib.

Rauf Əliyev AZƏRTAC-a müsahibəsində bildirib ki, Azərbaycan 2002-ci ildən bu layihədə fəal iştirak edir. Layihə əsasən qaçqın və məcburi köçkün uşaqları əhatə edir. Deputat deyib: “Azərbaycanın da ərazilərinin 20 faizi işğal olunub, minlərlə qaçqın və məcburi köçkün həyatı yaşayan uşaqlarımız var. Qaçqın, məcburi və köçkün uşaqlar üçün hər il Azərbaycanda 10-12 belə məktəb açılır. Bu məktəblərdə müvafiq olaraq 200-250 uşaq iştirak edir. Layihənin icrasına başlandığı gündən 20 mindən çox uşaq bu layihədə iştirak edib. Layihə uşaq və gənclərin asudə vaxtının səmərəli təşkilinə, idmana marağının artmasına və yaxşı futbolçuların yetişməsinə imkan yaradır”.

Onun sözlərinə görə, Azərbaycan nümayəndə heyəti mütəmadi olaraq layihə çərçivəsində xarici ölkələrdə keçirilən seminarlarda, konfranslarda iştirak edir, bu cür oyunların keçirilməsi ilə bağlı müzakirələr aparır, təkliflər irəli sürür. Tbilisidə keçirilən toplantıda layihənin gələn il Azərbaycanda davam etdirilməsi barədə razılıq əldə olunub.

R.Əliyev bildirib ki, layihədə 32 ölkə iştirak edir və Azərbaycan yenə də birincilər sırasındadır. 2017-ci ildə Azərbaycanda 15-dək yeni məktəbin açılacağı planlaşdırılıb. Düşünürəm ki, gələn il ölkəmizdə bu məktəblərin sayı 30-dan çox olacaq.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.