İQTİSADİYYAT
Gələn il Bakıda iki yeni metro stansiyası istifadəyə veriləcəkdir VİDEO
Bakı, 29 iyul (AZƏRTAC). Gələn il Bakı Metropoliteninin yeni – 3-cü xəttinin ilk iki stansiyası sərnişinlərin istifadəsinə veriləcəkdir.
Bakı Metropolitenindən AZƏRTAC-a bildirmişlər ki, Bakının əsas giriş qapısı olan “Avtovağzal” stansiyasından başlamaqla inşa olunacaq “Bənövşəyi xətt” 12 stansiyadan ibarət olmaqla Qaraçuxur qəsəbəsinə qədər uzanacaqdır. Beşillik Dövlət Proqramına əsasən, 2016-cı ildə xəttin ilk beş stansiyası istismara veriləcəkdir. Onlardan ikisi 2014-cü ildə açılacaqdır. Şərti adı “Memar Əcəmi-2” olan stansiya bu xəttin ilk həlledici sahələrindən biridir.
“Memar Əcəmi-2” stansiyasında ilk dəfə yeni üsul “diafraqma divarı” və ya “qruntda divar” üsulu tətbiq olunmuşdur. Onun hiss olunan ilk fərqli cəhəti inşaatın aparılmasının yalnız hasarların varlığı ilə hiss olunmasıdır. Bütün kompleks cəmi 167 metrə yaxın uzunluqda ərazini əhatə edir. Ərazinin relyefinə görə 30,5 metr dərinlikdə yerləşən stansiyanın bir tərəfi 5, digər hissəsi 4 mərtəbəli olacaqdır. Mərtəbələrin hündürlüyü 5,8, mərtəbələrarası örtüyün qalınlığı 1,5 metrdir. Beşmərtəbəli hissədə ən yuxarı qat xidməti sahə olacaqdır. Burada elektrik yarımstansiyası, havalandırma-soyutma və digər sistemlər və onlarla xidmət sahələri yerləşdiriləcəkdir. Stansiyanın üç giriş-çıxışı olacaqdır. “Memar Əcəmi” stansiyasının “M-şəkilli” yerüstü vestibülündə həm də yeni stansiyaya giriş-çıxış, kassalar yerləşəcəkdir.
Stansiyada, ümumən, 4 lift quraşdırılacaqdır. Almaniyanın “Tüyssen Krupp” şirkətinin “Cynergy” qaldırıcı qurğusundan ikisi xidməti funksiya daşıyacaq və metropolitendə ilk dəfə işçilər müxtəlif avadanlıq, alət və qurğuları bu vasitə ilə qaldırıb stansiyaya endirəcəklər.
Stansiyada cəmi 16 eskalatorun quraşdırılması nəzərdə tutulmuşdur. Bunlar da Almaniya şirkətinin “Tugela” tipli eskalatorlarıdır.
Platformanın uzunluğu 144 metrdən az olmayacaqdır. Bu da yeni xətlərin fərqli hərəkət tərkibləri üçün nəzərdə tutulmuşdur.
Yeni xətlərdə 7 vaqonluq qatarlar hərəkət edəcəkdir.