İQTİSADİYYAT
Gələn il Dövlət Neft Fondunun gəlirlərinin 8370,6 milyon manat olacağı proqnozlaşdırılır
Bakı, 29 sentyabr, AZƏRTAC
Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) gəlirlərinin gələn il üçün 8370,6 milyon manat (neftin bir barrelinin ixrac qiyməti 40 ABŞ dolları) proqnozlaşdırılır. Bu məbləğin 7550,7 milyon manatını və ya 90,2 faizini mənfəət neftinin və qazın satışından daxilolmalar təşkil edir.
AZƏRTAC bu barədə Maliyyə Nazirliyinin saytında yerləşdirilən Azərbaycan Respublikasının 2017-ci ilin dövlət və icmal büdcələrinin layihələrinin təqdimatına istinadən bildirir.
Fondun 2017-ci il üçün büdcəsinin xərcləri 6951,3 milyon manat təşkil edəcək ki, bu da 2016-cı illə müqayisədə 3685,0 milyon manat və yaxud 34,6 faiz azdır.
Fondun xərclərinin 6100,0 milyon manatı və ya 87,8 faizi dövlət büdcəsinə nəzərdə tutulan transfertə, 822,0 milyon manatı və yaxud 11,8 faizi bir sıra infrastruktur layihələrinin maliyyələşdirilməsinə (qaçqınların və məcburi köçkünlərin sosial-məişət və məskunlaşma məsələləri ilə bağlı bəzi tədbirlər, Samur-Abşeron suvarma sisteminin yenidən qurulması, Bakı-Tbilisi-Qars yeni dəmir yolu, Cənub Qaz Dəhlizi layihələrində Azərbaycan Respublikasının iştirak payı), 29,3 milyon manatı və ya 0,4 faizi "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə və Dövlət proqramları"nın maliyyələşdirilməsinə yönəldiləcək.