REGİONLAR
Gələn il İmişlidə pambıq sahələri 2 dəfədən çox artırılacaq
İmişli, 21 sentyabr, Mahir Babayev, AZƏRTAC
İmişli Rayon İcra Hakimiyyətində sentyabrın 17-də Sabirabadda pambıqçılığın inkişafı ilə bağlı keçirilən respublika müşavirəsində Prezident İlham Əliyevin nitqindən irəli gələn vəzifələrə həsr olunan müşavirə keçirilib.
AZƏRTAC xəbər verir ki, müşavirədə rayonun rəhbər işçiləri, Milli Məclisin deputatları, fermerlər, pambıq istehsalçıları, təsərrüfat rəhbərləri, bələdiyyə sədrləri və kənd inzibati ərazi nümayəndələri iştirak ediblər.
Rayon icra hakimiyyətinin başçısı Vilyam Hacıyev çıxış edərək bildirib ki, Prezident İlham Əliyevin respublikamızda qeyri-neft sektorunun, o cümlədən kənd təsərrüfatının strateji sahələrindən hesab olunan pambıqçılığın inkişaf etdirilməsi ilə bağlı verdiyi tövsiyələr sayəsində ölkəmizdə, eləcə də rayonda pambıqçılığın sürətli inkişafına əlverişli şərait yaradılıb.
Bildirilib ki, rayonda pambıqçılıqın inkişafı ilə bağlı yerli icra hakimiyyəti və bələdiyyə orqanları, qabaqcıl təsərrüfat işçiləri və fermerlər işə cəlb olunub, pambıq əkini ilə məşğul olan şirkətlər və fərdi təsərrüfat rəhbərləri ilə əlaqələr yaradılıb, rayonda pambıq əkininə marağın artırılması məqsədilə 227 fermerlə müqavilə imzalanıb. Aparılan məqsədyönlü fəaliyyət nəticəsində bu il rayonda ötən ildəkindən 2 dəfə çox, 5 min 51 hektar sahədə pambıq əkilib. Sahələrə aqrotexniki qaydada qulluq göstərilməsi nəticəsində bol məhsul yetişib. Artıq bir neçə gündür ki, pambıq sahələrində kütləvi məhsul yığımına başlanılıb və qısa müddətdə 100 tondan çox məhsul yığılaraq qəbul məntəqələrinə göndərilib. Mütəxəssislərin hesablamalarına görə, bu il sahələrdən 10 min tondan artıq məhsul götürmək mümkün olacaq.
Yığıncaqda 2017-ci ildə rayonda pambıq əkini ilə bağlı görüləcək işlərdən də danışılıb və gələn il rayonda pambıq əkini sahələrinin 10-12 min hektara çatdırılması üçün dövriyyəyə yeni torpaq sahələrinin qaytarılması istiqamətində görülən işlər haqqında məlumat verilib.
Müşavirədə çıxış edən fermer və təsərrüfat rəhbərləri rayonda pambıqçılığın inkişafı ilə bağlı fikir və təkliflərini bildiriblər.