REGİONLAR


Gələn il Masallıda 300 hektar tütün əkiləcək

Masallı, 10 avqust, Bağır Əliyev, AZƏRTAC

Masallı sakinləri Prezident İlham Əliyevin sədrliyi ilə avqustun 4-də Qaxda keçirilən barama, tütün və fındıq istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsində dövlətimizin başçısının qarşıya qoyduğu vəzifələrin, tapşırıq və göstərişlərin icrasına nail olacaq, bu istiqamətdə mövcud resursları hərəkətə gətirməklə məqsədyönlü tədbirlər görəcəklər.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Masallı şəhərindəki Heydər Əliyev Mərkəzində keçirilən ümumrayon müşavirəsində səsləndirilib.

Müşavirədə çıxış edən Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov bildirib ki, 2004-cü ildən başlayaraq Prezident İlham Əliyevin təşəbbüsü ilə qəbul olunan və uğurla yerinə yetirilən regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları nəticəsində Azərbaycan bölgələrinin inkişafı tarixi nailiyyətdir. Bu, Masallının da yüksək inkişafını təmin edib.

Qeyd olunub ki, 2016-cı ildə rayonda tütünçülük bərpa edilərək, 14 hektarda tütün əkilib. Bu il isə bu rəqəm 32,5 hektara çatdırılıb. Yaxın günlərdə rayon ərazisində tütünqurutma kombinatı və tütün qəbulu məntəqəsi istifadəyə veriləcək. Bu isə rayonda tütün sahələrinin daha da genişləndirilməsinə imkan verəcək. Gələn il rayonda 300 hektar sahədə tütün əkilməsi nəzərdə tutulub.

Həmçinin bildirilib ki, bu il rayona 20 qutu ipəkqurdu gətirilərək 480 kiloqram məhsul tədarük edilib və “Şəki-İpək” ASC-yə təhvil verilib. Rayonda mövcud olan tut bağlarının qorunması, yeni tinglərin əkilməsi hesabına bu sahənin inkişaf etdirilməsi nəzərdə tutulub.

Hər bir bölgənin özünəməxsus coğrafi şəraiti ilə əhalinin tarixən məşğul olduğu sahələrin nəzərə alınmasının mühüm nəticələrə gətirib çıxardığını qeyd edən R.Hüseynov Masallı üçün xarakterik olan təsərrüfatların inkişafı istiqamətində görülən tədbirlərdən də danışıb. Bildirilib ki, əvvəllər rayon ərazisində 3324 hektarda çay plantasiyası mövcud olub, 8498 ton yaşıl çay yarpağı 5 çay fabrikində emal edilərək 3 min ton quru çay istehsal edilib. Hazırda isə rayon ərazisində 43 hektar çay plantasiyası mövcuddur. Bu ilin sentyabr ayında əlavə olaraq 40 hektar sahədə çay plantasiyası salınacaq.

Çəltikçiliyin Masallıda ənənəvi əkin sahələrindən biri olduğunu vurğulayan R.Hüseynov bu əkin növünün rayonda ötən əsrin 50-ci illərindən inkişaf etməyə başladığını, sonralar çəltik sahələrinin taxıl sahələri ilə əvəz olunduğunu bildirib. Diqqətə çatdırılıb ki, 2016-cı ildə rayonda 8,6 hektar sahədə çəltik əkilib. Bu il isə bu rəqəm 200 hektar təşkil edəcək. Hazırda rayonda müasir avadanlıqla təchiz olunan çəltik dəyirmanının tikintisi aparılır. Yaxın illərdə çəltik sahəsinin 500 hektara çatdırılması nəzərdə tutulub. Bu isə rayonda 1200 yeni iş yerinin açılmasına imkan yaradacaq.

R.Hüseynov çıxışında rayonda tərəvəz, kartof, sitrus, çiyələk, xüsusilə faraş kələmin ayrı-ayrı növlərinin inkişaf etdirilməsi üçün görülən tədbirlərdən danışıb, düzgün aqrotexniki qulluğun yüksək məhsuldarlığa səbəb olduğunu bildirib.

Müşavirədə rayon kənd təsərrüfatı idarəsinin rəisi Seymur Nuriyev, Xırmandalı kənd ərazi dairəsi üzrə nümayəndə Məhərrəm İbrahimov, Viləşçay Su Anbarı İstismar İdarəsinin rəisi Mahir Əliyev, fermer Hadı İsmayılov, Masallı Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin direktoru Vüqar Ələkbərov, kümçü Balaqardaş Rzayev, sahibkar Fərhad Qəniyev dövlətimizin başçısının aqrar sahənin inkişafına dair tapşırıqlarının yerinə yetirilməsi istiqamətində görülən tədbirlərdən söz açıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.