REGİONLAR


Gələn il Qazaxda 5 ton barama istehsalı nəzərdə tutulur

Qazax, 10 avqust, Famil Quliyev, AZƏRTAC

Avqustun 4-də Qax rayonunda baramaçılıq, tütünçülük və fındıqçılığın inkişafına həsr olunmuş respublika müşavirəsində Prezident İlham Əliyevin nitqindən irəli gələn vəzifələrlə bağlı Qazaxda yığıncaq keçirilib.

AZƏRTAC xəbər verir ki, yığıncağı rayon icra hakimiyyətinin başçısı Rəcəb Babaşov açaraq, dövlətimizin başçısının Qaxda keçirdiyi müşavirədə qarşıya qoyduğu məqsəd və vəzifələrdən danışıb. Qeyd edib ki, ölkəmizdə qeyri-neft sektorunun inkişaf etdirilməsi, ərzaq bolluğunun yaradılması, aqrar sahəni inkişaf etdirərək ixracatın artırılması məqsədilə respublikamızın hər bir yerində olduğu kimi, Qazax rayonunda da məqsədyönlü iş aparılır. Yeni istehsal sahələri yaradılır, aqrar sahədə daha çox məhsul əldə etmək üçün müasir texnologiyalardan istifadə olunur, aqrotexniki qaydalara əməl edilir. İstehsalçıların öz məhsullarını satmaları üçün əvvəlcədən emal müəssisələri ilə müqavilələr bağlanılır. Kənd təsərrüfatının inkişafı ilə əlaqədar kənd sakinləri ilə mütəmadi olaraq görüşlər keçirilir, mövcud problemlər öyrənilir, əkinçiliyin inkişaf etdirilməsi, torpaqdan səmərəli istifadə olunması üçün lazımi tövsiyələr verilir və kömək göstərilir.

R.Babaşov bildirib ki, 2016-cı ilin payızında 2017-ci ilin məhsulu üçün lazımi aqrotexniki tədbirlər görülüb, yüksək məhsuldarlıq üçün möhkəm əsas yaradılıb. Məhz bunun nəticəsidir ki, rayon üzrə 2750,6 hektar arpa sahəsindən 6629 ton, yəni hər hektardan 24,1 sentner, 8289,2 hektar buğda sahəsindən isə 29840 ton, hər hektardan 36 sentner olmaqla, 36469 ton məhsul götürülüb. Bununla da Qazax rayonunun tarixində ilk dəfə belə yüksək məhsuldarlıq, hektardan 33,03 sentner taxıl əldə edilib. Bu da ötən ilə nisbətən taxılın 12776 ton, məhsuldarlığın isə 2,9 sentner çox olması deməkdir.

Cari ildə rayonda ilk dəfə şəkər çuğunduru əkilib. Hazırda 123 nəfər çuğundur istehsalçısı 522,97 hektar sahədə çuğundur becərir.

Bildirilib ki, baramaçılığın inkişaf etdirilməsi ilə əlaqədar dövlətimizin başçısının müvafiq tapşırığından sonra Qazax rayonunda da yenidən barama istehsalına başlanılıb. Ötən il rayon üzrə 1502 kiloqram barama istehsal edilib. Bu il 20 kümçü 4623 kiloqram barama istehsal edib və 40233 manat gəlir götürüb. Gələn il isə 5 min kiloqram barama istehsalı proqnozlaşdırılır.

Diqqətə çatdırılıb ki, ötən ildən rayonda tütün becərilməsinə başlanılıb və tütün əkilən 10 hektar sahədən 15635 kiloqram quru tütün istehsal olunub. Cari ildə tütün sahələri genişləndirilərək 50 hektara çatdırılıb.

Tədbirdə çıxış edənlər rayonda tütün istehsalının, ting əkinlərinin, fındıq bağlarının və barama istehsalının vəziyyəti barədə ətraflı məlumat veriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.