REGİONLAR


Gələn il Ucarda 2500 hektar sahədə pambıq əkiləcək VİDEO

A+ A

Ucar, 31 avqust, Adil Ağayev, AZƏRTAC

Ulu öndər Heydər Əliyev 1969-cu ilin iyul plenumunda Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçildikdən sonra ölkəmizdə kənd təsərrüfatının başqa sahələri kimi, pambıqçılıq da sürətli inkişaf yoluna qədəm qoydu. O illərdə respublikamızın digər yerlərində, o cümlədən Ucar rayonunda da genişmiqyaslı meliorasiya işlərinə start verildi. Rayonun torpaq-iqlim şəraiti, əkin sahələrinin şoranlaşması nəzərə alınaraq açıq və örtülü drenaj şəbəkəsinin yaradılmasına başlandı. Kolxoz və sovxozların maddi-texniki bazası möhkəmləndirildi. Rəhbərliyə ali təhsilli, təcrübəli kənd təsərrüfatı mütəxəssisləri irəli çəkildi. Beləcə, çox keçmədi ki, görülən tədbirlər öz bəhrəsini verdi. Güc-bəla ilə hər il 2000-3000 ton pambıq verən Ucar rayonunda məhsul istehsalı 11 min 500 tona çatdı.

Çox təəssüf ki, SSRİ-nin süqutundan sonra, ötən əsrin 90-cı illərinin əvvəllərində respublikamızın digər yerlərində olduğu kimi, Ucarda da geniş əkin sahələri baxımsızlıq üzündən şoranlaşmaya məruz qaldı. Qapalı dren şəbəkələri vaxtında təmizlənmədiyi üçün qrunt suları torpağın səthinə çıxaraq əkin dövriyyəsində olan geniş əraziləri yararsız hala saldı.

Qeyd edək ki, dünyanı bürüyən iqtisadi böhran, neftin ucuzlaşması ölkəmizdə qeyri-neft sahələrinin inkişafının daha da sürətləndirilməsinə səbəb olub. Təsadüfi deyil ki, son vaxtlar Azərbaycanda aqrar sektorun ənənəvi, valyuta gətirən sahələrinin, o cümlədən pambıqçılığın inkişafına göstərilən diqqət və qayğı artıq öz bəhrəsini verməkdədir. Prezident İlham Əliyevin bu istiqamətdə tövsiyə və tapşırıqları təsərrüfatın digər sahələri ilə yanaşı, pambıqçılığın da sürətli inkişafına güclü təkan verib. Əlbəttə, əsas məqsəd neftdən asılılığı aradan qaldırmaqla yaxın gələcəkdə ölkəmizdə həm də ixracyönümlü kənd təsərrüfatı məhsullarının istehsalını artırmaq, nəticədə də yeni iş yerlərinin açılmasına şərait yaratmaqdır. Kənd əhalisinin məşğulluğunu təmin etmək və yeni iş yerlərinin yaradılması baxımından pambıqçılığın inkişaf etdirilməsi, əkin sahələrinin genişləndirilməsi xüsusi əhəmiyyət daşıyır.

Aqrar sektorun ənənəvi sahələrinin inkişafı, bu sahəyə dövlət dəstəyinin gücləndirilməsi məqsədilə son illərdə dövlətimizin başçısı tərəfindən bir çox fərman və sərəncam imzalanıb. Həyata keçirilən ardıcıl və məqsədyönlü tədbirlər artıq öz bəhrəsini verməkdədir. Pambığın satınalma qiymətinin artırılması, subsidiyaların ayrılması, texniki təminat bu sahənin əvvəlki şöhrətinin geri qaytarılmasında önəmli amillərdəndir.

Ucar rayonunda cari mövsümdə 510 hektar sahədə pambıq yetişdirilib. Artıq rayonda hər kəs bu sahənin yenidən sürətli və dinamik inkişaf yoluna qədəm qoyduğunu, xüsusilə gələn ildən pambıqçılıqda dönüş ili olacağı qənaətindədir. Rayon kənd təsərrüfatı idarəsinin rəisi Əbil Mehtiyev bununla əlaqədar AZƏRTAC-ın müxbiri ilə söhbətində deyib: “2017-ci ildə 2500 hektar sahədə pambıq əkilməsi proqnozlaşdırılır. Hazırda pambıq əkinləri üçün münbit və daha məhsuldar sahələrin seçilməsi ilə bağlı araşdırmalar aparılır. Kənd icra nümayəndələrinin, bələdiyyə sədrlərinin, mütəxəssislərin və təcrübəli pambıqçıların fikir və təklifləri öyrənilərək ümumiləşdirilir. Bütün bunlar onu deməyə əsas verir ki, 2017-ci il pambıqçılıqda dönüş ili olacaq”.

Bir sözlə, Ucar pambıqçıları əmindirlər ki, dövlətin dəstəyindən faydalanaraq gələn il daha çox sahədə bol məhsul əldə edəcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.