REGİONLAR


Gələn ildən Lənkəranda da barama istehsal olunacaq

Lənkəran, 8 avqust, Bağır Əliyev, AZƏRTAC

Avqustun 8-də Lənkəran Şəhər İcra Hakimiyyətində keçirilən ümumrayon yığıncağında barama, tütün və fındıq istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsində Prezident İlham Əliyevin nitqindən irəli gələn vəzifələr müzakirə edilib.

AZƏRTAC xəbər verir ki, yığıncaqda çıxış edən Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov ölkəmizdə qeyri-neft sektorunun inkişaf etdirilməsinin dövlət siyasətinin prioritet istiqaməti kimi müəyyənləşdiyini bildirib.

Bununla bağlı ölkəmizdə kompleks tədbirlərin görüldüyünü, Dövlət proqramlarının, müvafiq fərman və sərəncamların imzalandığını, çoxlu sayda əməktutumlu və sosialyönümlü layihələrin icra olunduğunu vurğulayan T.Qaraşov qeyd edib ki, bu baxımdan kənd təsərrüfatına aid ənənəvi sahələrin inkişafına da xüsusi diqqət yetirilir. Avqustun 4-də Qax şəhərində keçirilmiş respublika müşavirəsi də məhz aqrar sahənin ən gəlirli bölmələri olan barama, tütün və fındıq istehsalının inkişafı məsələlərinə həsr olunub. Dövlətimizin başçısının müşavirədəki proqram xarakterli çıxışından irəli gələn vəzifələrin icrası üçün cavabdeh təşkilatlar və məsul şəxslərlə yanaşı, rayon ictimaiyyəti səfərbər olunmalı, bu sahəyə aid ictimai təşəbbüslərə dərhal reaksiya verilməli, fermer və sahibkarlara lazımi kömək göstərilməlidir.

T.Qaraşov 2018-ci ildə rayonda barama istehsalına başlanılacağını diqqətə çatdıraraq, bu sahədə yem bazasının yaradılmasının vacibliyini bildirib, 55 minədək tut tinginin qorunması, suvarılması və aqrotexniki qulluğun göstərilməsi ilə bağlı məsul şəxslərə tapşırıqlar verib.

Yığıncaqda bu sahədə təşkilati işlərin operativ qurulması üçün baramaçıların, eyni zamanda, çayçıların da assosiasiyalarının təsis olunmasının əhəmiyyəti qeyd edilib və rayonun təbii şəraitinin fındıqçılığın inkişafı üçün də əlverişli olduğu vurğulanıb. Bildirilib ki, ilkin mərhələdə fındıq əkini üçün 4 hektar torpaq sahəsinin hazırlanmalı və əkin üçün uyğun sortlar müəyyənləşdirilməlidir.

Sonra şəhər icra hakimiyyəti başçısının müavini-sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Xalid Rəhimov, kənd təsərrüfatı idarəsinin müdiri Tofiq Rzayev, “Yaşıl çay” fermer təsərrüfatının rəhbəri Araz Yaqubov, təcrübəli baramaçı İltifat Həsənov çıxış edərək, rayonda barama istehsalının genişləndirilməsi ilə bağlı təkliflərini səsləndiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.